Oktyabrın 28-də Heydər Əliyev Mərkəzində BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovayanın təşəbbüsü, Heydər Əliyev Fondunun, İsveçrə Qadın və Gücləndirmə Assosiasiyasının (Association of Swiss Women & Empowerment) dəstəyi ilə "Çağırışın 17 siması" ("17 Faces of Action") adlı fotosərgi açılıb.
Açılış mərasimində çıxış edən BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya "Çağırışın 17 siması" adlı fotosərginin reallaşdırılması prosesindən danışıb. Bildirib ki, sərgi Dayanıqlı İnkişaf Məqsədlərini özündə təcəssüm etdirir.
"Azərbaycan "Çağırışın 17 siması" adlı fotosərginin həyata keçirilməsi təşəbbüsünə cavab verən ilk ölkə olub. Ona görə də bu gün Bakıda açılan ilk sərgi nadir və daha çox simvolikdir. Dayanıqlı İnkişaf Məqsədlərinin təbliğində çox fəal olan 17 Azərbaycan qadını daha ədalətli dünyanın yaradılmasında yaxından iştirak edir. Ümidvarıq ki, bu təşəbbüs Birləşmiş Millətlər Təşkilatının digər ölkələri tərəfindən də reallaşdırılacaq. Sərginin təşkilinə verdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Heydər Əliyev Fonduna təşəkkürümü bildirirəm", - deyə Tatyana Valovaya diqqqətə çatdırıb.
Qeyd edək ki, layihənin hədəfi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə dəstək göstərmək, 17 dayanıqlı inkişaf məqsədinin reallaşmasına töhfə verməkdir. BMT-nin 2015-ci ildən elan etdiyi və Azərbaycanın da qoşulduğu Dayanıqlı İnkişaf Məqsədləri 15 il müddətinə insan inkişafı üçün əhəmiyyətli imkanların yaradılmasına, planetimizi qorumaqla qlobal inkişafın dayanıqlılığına təkan verəcək 17 məqsəd və 169 hədəfdən ibarətdir.