RSFSR Xalq artisti, yumorist Vladimir Vinokur Xalq artisti Müslüm Maqomayevlə bağlı xatirələrindən danışıb.
Aktyor vaxtilə Bakıya səfəri zamanı M.Maqomayevin həyatını necə xilas etdiyindən söhbət açıb. O, hoteldə olarkən baş verən zəlzələ zamanı Maqomayevin ona verdiyi təlimatları belə xatırlayır:
"Bir gün əvvəl Bakıda konsertim baş tutmuşdu. Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya da orada idi. Tamaşadan sonra məni hotelə apardılar. Səhər oyandım ki, yatağım balkona doğru sürüklənir. Həmin anda dərhal düşündüm ki, "İçməyi tərgitməliyəm!". Birdən telefon zəng çaldı, Maqomayev idi. Soruşdu ki, "Volodya, indi nə edirsən?". Cavab verdim ki, "Çarpayıdan balkona aşıram". Sonra o, mənə narahat olmamağımı söylədi. Mənə hamama getməli olduğumu, oranın daha təhlükəsiz olduğunu dedi. Onun dediyi kimi etdim. Bir müddət sonra geri zəng edib çıxa biləcəyimi bildirdi.
Hotelin qonaqlarından yalnız mən küçəyə çıxmamışdım. Heç vaxt belə hadisə ilə rastlaşmamışdım, ona görə də nə baş verdiyini dərhal başa düşmədim. Amma Maqomayev həyatımı xilas etdi".
Vinokur M.Maqomayevin xatirəsində necə qaldığını isə bu sözlərlə ifadə edib:
"O, təkrarolunmaz insan idi. Onun səsini qaldırdığını heç vaxt eşitməmişəm. Onu şortda və ya cins şalvarda görməmişəm. Səhər yeməyinə kostyumda gəlirdi. O, dünyadan köçəndən sonra möcüzə baş vermədi. İstedadda Maqomayevə bərabər olan elə bir insanımız yoxdur".