“İran Ermənistana Azərbaycan torpaqlarının işğalı prosesinin ilk günündən etibarən dəstək verir və bu gün də dəstəyini davam etdirir. Yəni İran-Ermənistan münasibətlərinin mövcud gözə görünən tərəfini yalnız bu gün regionda baş verən proseslərlə əlaqələndirmək doğru olmaz”.
Sülh.info.az xəbər verir ki, bu sözləri İran-Ermənistan münasibətləri ilə bağlı saytımıza danışan politoloq Elçin Mirzəbəyli deyib:
“Azərbaycanın 44 günlük müharibədəki qələbəsi İran-Ermənistan münasibətlərinin daha da istiləşməsinə zəmin yaradıb. Çünki bu iki dövlətin hər biri ayrı-ayrılıqda Azərbaycanı mahiyyət etibarı ilə əsası olmayan səbəblərə görə özlərinə təhlükə hesab edirlər. Burada Ermənistanın yanaşması fərqlidir. Çünki Ermənistan hər zaman Azərbaycan torpaqlarına göz dikərək, qarşısına etnik azərbaycanlıları bu torpaqlardan tamamilə silmək məqsədini qoyub. Düşmənçilik Azərbaycan torpaqlarının işğalı prosesində də özünü qabarıq şəkildə göstərib.
İran öz qonşuluğunda Azərbaycan adlı bir dövlətin mövcudluğunu hələ Azərbaycan Cümhuriyyəti yarananda qəbul etməyib. Həmin dövrdə də İran Azərbaycana qarşı aqressiv bir siyasət sərgiləyib. Azərbaycan yenidən müstəqilliyini bərpa etdikdən sonra İran yenə də Ermənistanın Azərbaycan torpaqlarının işğalı prosesinə açıq formada dəstək verib. Bununla bağlı çoxsaylı faktlar var. İşğal prosesinə rəhbərlik etmiş Ermənistan prezidenti Ter-Petrosyan Azərbaycan torpaqlarının işğalı dövründə İranın Ermənistan üçün həyat yolu olduğunu vurğulayıb. Sonrakı dövrlərdə də biz bu ölkənin işğal altında olan torpaqlarımızın talan edilməsində, təbii resurslarımızın daşınmasında necə “böyük xidmətlər” göstərdiyinin şahidi olmuşuq”.
Onun sözlərinə görə, İranın Azərbaycana qraşı olan bu aqressiyasının əsas səbəblərindən biri sərhədlərinin yaxınlığında güclənmiş bir dövlət görmək istəməməsidir:
“İranın Azərbaycanla bağlı aqressiyasının səbəblərindən biri sərhədlərin yaxınlığında müstəqil, dünyəvi inkişaf yolu seçmiş bir dövlətin mövcudluğunu görmək istəməməsidir. Bunun da səbəbləri hazırda İran İslam Respublikası adlanan ölkədə yaşayan, sayı təxminən 35-40 milyon aralığında olan azərbaycanlının mövcudluğu və Azərbaycan Respublikasının inkişafının onlar üçün bir model olaraq cazibədar olmasıdır. Qələbədən sonra Güney azərbaycanlıları da Azərbaycan Respublikasında yaşayan qardaşları qədər ordumuzun qələbəsinə sevinirdilər. Bu sevinc İran rejiminin aqressiyasının daha da artmasına zəmin yaratdı.
Öz vətəndaşlarının hüquqlarını tanımayan, onlara hətta Konstitusiyada nəzərdə tutulan hüquqları belə vermək istəməyən bu panfarsişt rejim bütün gücü ilə Ermənistana dəstək verməyə və yenidən bölgədə münaqişə ocağı yaratmağa cəhd göstərdi. Atılan addımların təməlində də bu dayanır”.
Politoloq Ermənistan baş nazirinin İrana səfər etməsi ilə bağlı danışarkən bildirib ki, indiki şəraitdə İran Azərbaycana qarşı atılacaq addımları müzakirə etməyə çalışacaq:
“Şübhəsiz ki, indiki şəraitdə Nikol Paşinyanın İrana dəvət olunmasının səbəblərindən biri də anti-Azərbaycan koalisiyasının növbəti addımlarının müzakirə olunmasıdır. Çox güman ki, İran utanmadan İrandakı 80 minlik erməni toplumunun necə azad, necə sərbəst yaşadığını, öz dillərində təhsil aldıqlarını, bizdən oğurladığı mədəniyyəti inkişaf etdirdiklərini nümayiş etdirəcək. Erməni diasporunun rəhmi gəlsin və onlara qarşı sanksiyaları ilə bağlı kəmərini biraz da sıxmasın deyə Qərbə yaltaqlanacaq.
Vaxtilə Azərbaycan sülalələrinin rəhbərlik etdiyi dövlətlərin saraylarına yol tapan ənənəvi fars hiyləgərliyi hazırda da özünü büruzə verməkdədir. Amma nəzərə almalıdırlar ki, nə biz həmin insanlarıq, nə də qurduğumuz dövlət İranın təsəvvür etdiyi dövlət deyil. Azərbaycan dövləti özünü bütün təhlükələrdən qorumaq və bütün anti-Azərbaycan koalisiyalarının öhdəsindən gəlmək bacarığına sahibdir. Onların erməni lobbisi və erməni diasporu tərəfindən himayə olunmaq üçün atdığı addımların isə heç bir perspektivi yoxdur, çünki artıq bu rejimin sonu yaxınlaşıb”.
Fidan Ali / Sulh.info.az