Oktyabrın 31-də Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.
Sulh.info.az xəbər verir ki, mövzu ilə bağlı saytımıza açıqlama verən politoloq Zaur Məmmədov bildirib ki, Rusiya bu görüşü keçirməklə hələ də proseslərdə rolu olduğunu demək məqsədi güdürdü:
“Soçi görüşündə Rusiya tərəfi Azərbaycan və Ermənistan tərəfinə öz marağının nədən ibarət olduğunu göstərdi. Ukrayna hadisələrindən sonra Rusiya Cənubi Qafqazdakı proseslərdən kənarda qalmışdı. Amma Soçi görüşünü keçirməklə “regionda mən də varam” mesajını həm Qafqaz ölkələrinə, həm də Qərbə göstərmək niyyəti güdürdü. Ermənistanın baş naziri Nikol Paşinyan Soçiyə 15 maddəlik bir təkliflə getmişdi. Onun heç bir təklifi qəbul edilmədi. Yekun bəyənata nəzər salsaq və Paşinyanın dünənki Soçi görüşündən narazı qayıtmasını nəzərə alsaq, o zaman Ermənistan baş nazirinin Soçi görüşü ərəfəsində Rusiyanın lehinə bəyənatlar səsləndirməsinin, rus sülhməramlılarının mandatının uzadılmasına razı olması ilə bağlı bəyənatların səsləndirməsinin ona kömək etmədiyinin şahidi olarıq".
"Ölkə prezidenti İlham Əliyev öz prinsipiallığını bir daha Rusiya və Ermənistan qarşısında nümayiş etdirərək, Azərbaycan maraqlarının tapdalanmasına icazə vermədi. Görüşdə Qarabağ ifadəsinin olmaması da bunun bir əyani nümunəsidir. Ümumilikdə, Soçi görüşündən hər hansı yekun sənədin imzalanması ilə bağlı gözləntilər yox idi. Biz bilirik ki, Rusiya platformaları ilə yanaşı, Qərb platforması da mövcuddur.
Mən düşünürəm ki, Soçi görüşü Qərb platformasında əldə edilən razılaşmaların bir qədər səngiməsi və dayandırılması ilə nəticələnəcəkdi. Çünki Rusiya tərəfi çox güman ki, dünən Paşinyanla tək görüşü zamanı Rusiyanın qırmızı çizgilərinin nədən ibarət olduğunu Ermənistan baş nazirinin diqqətinə çatdırıb. Belə olan təqdirdə Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalası real görünmür. Bu birbaşa olaraq bəzi məsələlərin Paşinyanın nəzarətindən çıxması ilə nəticələnə bilər”.
Politoloq Cümşüd Nuriyev isə vurğulayıb ki, bu görüş bundan əvvəl Brüsseldə və Vaşinqtonda keçirilmiş görüşləri danmaq üçün keçirilmişdi:
“Dünən baş tutan Soçi görüşü Moskvanın təkidi ilə keçirilmiş bir görüş idi. Əslində bu görüş ondan əvvəl Brüsseldə keçirilmiş görüşləri siyasi cəhətdən danmaq idi və eyni zamanda Vaşinqton, Brüssel sənədlərini Moskva sənədləri ilə əvəz etmək cəhdi idi. Bu görüşdən əvvəl Xankəndində ermənilərin mitinqini təşkil etdilər, sonra Paşinyan bəyan etdi ki, sülhməramlıların hələ 20 il də Qarabağda qalmasına razılıq verən sənədi imzalaya bilər. Bütün bunların hamısı Azərbaycan qarşı siyasi təzyiq idi. Amma Azərbaycan prezidentinin uğurlu siyasəti nəticəsində hər hansı bir sənəd imzalanmadı. Gündəmə gətirilən Moskva sənədləri 15 maddədən ibarət idi. Ən təhlükəli maddəsi də 15-ci maddəsi idi. Bu maddədə Dağlıq Qarabağın status məsələsi gündəmə gətirilmişdi. Bu isə Azərbaycanın federallaşması və ölkədə yeni qarşıdurmanın yaranması demək idi".
"Görüşdə sadəcə bir müraciət gündəmə gəldi. Müraciətdə əvvəllər Ermənistan və Rusiya ilə bağlanmış üçtərəfli bəyənatların yerinə yetirilməsi məsələsi öz əksini tapdı. Putin açıq şəkildə Azərbaycanla razılaşmanın əldə olunmadığını və gələcəkdə əldə olunmasının vacibliyini bildirdi. Ümumilikdə, Soçi görüşünü Azərbaycan üçün uğurlu hesab edə bilərik. Azərbaycan öz mövqeyini bir daha göstərdi.
Bu zamana kimi İlham Əliyev Cənubi Qafqazın lideri sayılırdı. Artıq Avropa da onu siyasi bir oyunçu kimi qəbul edir. Dünənki görüş də prezidentin nə qədər hazırlıqlı, peşəkar diplomat olduğunu göstərdi. Məncə, Soçi görüşünü İlham Əliyevin növbəti diplomatik qələbəsi adlandıra bilərik”.
Fidan Ali / Sulh.info.az