Çin höküməti “Foxconn”un fabrikinin də yerləşdiyi Çjençjou hava limanının iqtisadi zonasında ciddi antiepidemiya tədbirləri tətbiq edib.
Bu barədə iqtisadi zona administrasiyasının “WeChat” sosial şəbəkəsindəki bəyanatında deyilib.
Məlumata əsasən, rayonda xəstəliyin qarşısının alınması və onunla mübarizə sahəsində vəziyyət çətin olaraq qalır. Bu məqsədlə, noyabrın 2-si yerli vaxtla saat 12:00-dan noyabrın 9-u saat 12:00-a nəzarət tədbirlərinin tətbiqi qərara alınıb.
Ərazidə yaşayanların bir yerə toplaşması və evlərini tərk etməsi qadağandır. Eyni zamanda avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər qoyulub.
Həftə ərzində xəstəliklərin profilaktikası və mübarizə sahəsində çalışan kadrlar istisna olmaqla, bütün inzibati qurumların əməkdaşları evdən işləyəcək. Ərzaq mağazaları və apteklər istisna olmaqla, ticarət müəssisələrinin də işi dayandırılıb.
Xatırladaq ki, “Foxconn” dünyanın ən böyük elektronika istehsalçısıdır və “Apple” kimi aparıcı qlobal şirkətlərin sifarişlərini yerinə yetirir. “Hon Hai Precision Industry” kimi də tanınan şirkətin əsas istehsal müəssisələri Çin şəhərlərində yerləşir.
Mənbə: CNN