"Twitter" hər baxış üçün ödənişli video yükləmə funksiyanı əlavə etməyi planlaşdırır.
Bu barədə "The Washington Post" şirkətin daxili sənədlərinə istinadən bildirib.
Bu yaxınlarda sahibkar İlon Maskın aldığı "Twitter" istifadəçilərə bəzi videolara baxmaq üçün ödəniş etmək funksiya əlavə etməyi planlaşdırır.
Məlumata görə, funksiya "Paywalled Video" adlanır. Funksiya platforma istifadəçilərinə ödənişli videolar yükləmək imkanı verəcək. Həmçinin baxış üzərində əldə olunan gəlirin bir hissəsi də şirkətə veriləcək. Qeyd olunub ki, "Twitter" sürətləndirilmiş qaydada yeni funksiyanı işə salmaq qərarına gəlib. Tərtibatçılar bütün işləri bir-iki həftə ərzində yerinə yetirmək vəzifəsi ilə üzləşiblər.
Yeni funksiya işə salındıqda istifadəçi videonu tvitə yüklədikdən sonra ona ödənişli çıxış əlavə edə biləcək. Nəşrin məlumatına görə, istifadəçi dörd qiymətdən birini seçə biləcək. Bu, bir, iki, beş və ya on ABŞ dolları civarında olacaq. Eyni zamanda, video giriş üçün ödəniş etməmiş şəxslərdən, kilid işarəsi və baxış qiyməti barədə bildirişlə gizlədiləcək. Giriş üçün ödəniş etməmiş istifadəçilər bu cür paylaşımları bəyənə və retvit edə biləcəklər.