“Ümumiyyətlə, biz ilk olaraq yanğınların niyə baş verdiyindən danışmalıyıq. Yanğının baş verməsi üçün şərait və amillər lazımdır. Belə ki, bunun üçün mütləq yanar maddə, istilik və oksigen olmalıdır. Yəni bu üç amil eyni anda bir yerdə olarsa və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmazsa, yanğının baş verməsi qaçınılmazdır”.
Sulh.info.az xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib:
“İlk növbədə mütləq yanğın təhlükəsizliyi qaydalarına riayət etmək lazımdır. Nələrin yanğın təhlükəsizliyini poza biləcəyini bilmək lazımdır. Yanar maddələrin yanğın təhlükəsizliyi qaydalarına riayət etməklə düzgün saxlanması, daşınması, istismarı qaydası var. Bunlar bir-birilərinə zəncirvari şəkildə bağlıdırlar.
Yanğınla bağlı üç aspekt diqqətdə saxlanılmalıdır: 1. Yanar maddələrlə davranış qaydaları, 2. Təchizat məsələləri, 3. Avadanlıqlardan istifadə qaydası”.
Bu üç amildən danışan ekspert vurğulayıb ki, onlar bir-birinə sistem şəklində bağlıdırlar:
“İlk növbədə bilməliyik ki, yanğının baş verməməsi üçün nə etməliyik? Mütləq yanar maddələr, avadanlıqlar, qurğuları düzgün saxlamaq lazımdır.
Yanğın baş verdikdə nə etmək lazımdır? Yanğın baş verdiyi zaman müdaxilə etmək üçün öncədən idarə, müəssisələr, evlər yanğın təhlükəsizliyinə aid olan avadanlıqlar, müxanizmlərlər təchiz edilməlidir. Bu kimi obyektlərdə yanğın hidrantları, dirəyləri, yanğın xəbərdaredici vasitələr, siqnalizasiya vasitələri, ehtiyyat su çəni, ilkin yanğın söndürmə vasitələri, yəni yanğın söndürən balonlar, yanğın şlankları və.s avadanlıqlar mütləq olmalıdır. Bunlar ona görə lazımdır ki, əgər yanğın hadisəsi baş verərsə, bu avadanlıqların köməyi ilə onu söndürmək mümkün olsun. Vaxtında müdaxilə olunarsa, insan tələfatının, əmlaka dəyən zərərin qarşısını almaq olar.
Üçünçü məqam isə bu obyektlərdə yaşayan və ya işləyən insanlar yanğın təhlükəsizliyi üçün nəzərdə tutulmuş bu avadanlıqların istifadəsindən xəbərdar olmalıdırlar. Bu avadanlıqların sazlığına nəzarət olunmalıdır, daim işlək vəziyyətdə saxlanılmalıdır. Burada insan amili mühümdür. Avadanlıqların mövcudluğuna və işləkliyinə nəzarət edən mexanizm olmalıdır.
İnsan bilməlidir ki, hadisədən sonra təhlükəsiz şəkildə, heç bir zəzər görmədən necə təxliyə olunmaq olar? Harada toplaşılsın? Məlumatlar kimdən alınsın? və s. Bunlar hamısı sistem halında olmalıdır ki, daha az zərər ilə oradan qurtulmaq mümkün olsun”.
Eyni zamanda vurğulayıb ki, yanğın təhlükəsizliyi qaydalarına riayət olunması və obyektlərin yanğın təhlükəsizliyinə dair avadanlıqlarla təchiz olunması qanunla nəzərdə tutulub:
“Qanunla nəzərdə tutulub ki, bütün idarə, müəssisə, zavod, fabrik, bazarlar və s. yanğın təhlükəsizliyi haqqında qaydalara ciddi riayət etməlidir. Obyektlər yanğın təhlükəsizliyinə aid olan qurğular və vasitələr ilə təchiz edilməlidir. Müəssisənin işçilərinin sayı 15 nəfərdən artıqdırsa, mütləq orada könüllü yanğın söndürmə dəstələri yaradılmalıdır. Həmin könüllü dəstələrin məsələ üzrə ilkin məlumatları olmalıdır. Yanğın baş verərsə, necə davranmaq lazım olduğunu bilməlidirlər. Onların işi yanğın söndürmə briqadası gələnə qədər artıq yaxınlıqdakı yanyınsöndürən balonlardan istifadə edərək onun söndürülməsinə cəhd etməkdir. Növbəti mərhələdə insanların təhlükəsiz təxliyə olunmasına nəzarət olunmalıdır.
Yanğından mühafizə dəstəsi gəldiyi zaman artıq ona ilkin məlumatları (yanğının əhatə etdiyi sahələr, orada kimlərin yaşadığı və işlədiyi barədə) verməlidir. Bu cür yanğın söndürmə dəstələrinin yaradılması baş vermiş yanğının qarşısının alınmasında çox mühüm amildir. Onlar həm yanğın söndürmə briqadasına, həm insanların təhlükəsiz təxliyə olunmasına kömək etmiş olurlar. Təbii ki, bu dəstələrin üzvləri artıq bu sahə üzrə təlim keçmiş şəxslər olmalıdırlar.
Ümumiyyətlə, yanğın təhlükəsizliyi məsələsi kompleks yanaşılmalı olan tədbirlər planıdır. Burada hər kəsin üzərinə məsuliyyət düşür. Mütləq ciddi nəzarət olunmalıdır ki, yanğın hadisəsi baş verməsin, verərsə də daha az zərərlə qurtulmaq mümkün olsun”.
Fidan Ali / Sulh.info.az