Bakıda komendant ev sahibinin xəbəri olmadan evin qapısının kilidini dəyişib.
Bu barədə saytımıza daxil olan şikayətdə bildirilir. Belə ki, Yeni Günəşli qəsəbəsində yerləşən "Badi-kubə" MTK-ya məxsus binaların birində yaşayan Nizami Mahmudzadə deyir ki, binanın komendantı, MTK-nın rəhbəri Ədalət Qəmbərov onlara xəbərdarlıq etmədən qapının kilidini dəyişib.
Ev sahibi bundan xəbər tutduqdan sonra polisə müraciət edib. Polis şikayəti qəbul etdiyini və 10 gün ərzində məsələnin araşdırılacağını bildirmişdir. Nizami Mahmudzadə həmçinin MTK-ya heç bir kommunal borcunun olmadığını da deyib.
Məsələ ilə bağlı komendantla əlaqə saxlamağa çalışsaq da əlaqə yarada bilmədik.
Qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırıq.
Qeyd edək ki, araşdırmamız zamanı "Badi-kubə" MTK-nın adının bir çox qalmaqallı olaylarda hallandığının şahidi olduq.