​"Əgər Netanyahu seçilsə, İrana qarşı münasibətlər..." - Politoloq

​
14:12 04.11.2022
322 Siyasət
A- A+

“İsraildə seçki prosesi çox gərgin keçdi. Bu seçkilərdə nə Netanyahunun, nə də onun rəqiblərinin, xüsusilə də keçmiş baş nazir Lapidin təkbaşına hakimiyyətə gəlmək şansları yox idi. Ona görə də onlar koalisiya ortaqlıqları qurdular və nəticə olaraq, Netanyahunun koalisiyası qələbə qazandı. Amma Netanyahunun koalisiyasındakı əsas aktyorlar daha da ultra sağ milliyətçi, dindar, sionist qruplardır. Onlar İrana qarşı və yaxud da İranın müttəfiqlərinə qarşı daha sərt mübarizəni dəstəkləyirlər”.

Sulh.info.az xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında politoloq Turab Rzayev bildirib:

“Aydın məsələdir ki, artıq parlamentdə daha çox sülhə çağırış edən, daha sosialist, sol blokların hakimiyyət üzərində nüfuzu azalacaq. Çünki bundan əvvəlki  hökumətdə sağ və sol bloklar birlikdə idi. İndi hakimiyyət demək olar ki, sağçılardan ibarətdir. İndiki halda biz həm Fələstinə, həm də İrana qarşı mübarizədə daha da sərt addımların atılmasını gözləyə bilərik. Başqa bir məsələ isə Netanyahunun birbaşa şəxsi münasibəti ilə bağlıdır. O, özü də kifayət qədər sərt avtoritar liderdir və İrana qarşı baxışları həddindən artıq sərtdir. Məhz onun bu sərt baxışlarına görə, ABŞ ilə, xüsusilə buradakı Demokratlar partiyası ilə arasında münasibətlərin pozulmuşdu.

Məhz Netanyahuya qarşı blok formalaşdırılmasında ABŞ da rol oynamışdı. Çünki hər hansı bir partiyanın səsləri Netanyahunu hakimiyyətdən uzaqlaşdırmaq üçün kifayət etməyəcəkdi. Hətta Netanyahu ABŞ səfəri zamanı Obama tərəfindən qəbul edilməmişdi. Buna cavab olaraq da, Respublikaçılar partiyası konqresdə Netanyahunu dəvət edərək, özləri alqışlarla onu qəbul etmişdilər. Obamanın ardıcılları da, indiki Bayden hökuməti də bu siyasəti davam etdirdilər. Tramp dövründə çox yüksək olan ABŞ-la Netanyahu əlaqələri Bayden dövründə çox zəiflədi. Netanyahu ABŞ-ın müxalifətə daha böyük dəstəyi ilə üzləşdi. Netanyahu təkcə ABŞ deyil, eyni zamanda Rusiya və digər Avropa ölkələri ilə də görüşür, hər biri ilə fərqli münasibət qurmağa çalışır. Eyni zamanda Netanyahu dövründə Hindistan və Çin ilə də müəyyən əlaqələr qurulmuş, inkişaf istiqamətində addımlar atılmışdı”.

Politoloq bildirib ki, İran hökumətinə qarşı sərt münasibət bəsləyən Netanyahunun hakimiyyətə gəlməsi İran üçün vəziyyəti ağırlaşdıracaq:

“Digər bir məsələ isə Netanyahunun İran məsələsinə çox ciddi yanaşması və onu çox böyük təhlükə görməsidir. ABŞ-ın Demokratlar partiyası İrana xüsusi qayğı ilə yanaşır. Demokratların İran sevgisini, sadəcə onların erməni sevgisi ilə müqayisə etmək olar. İran nə qədər beynəlxalq hüququ pozsa da, bu etirazlar, iğtişaşlar və s. ABŞ mediasında demək olar ki, çox da işıqlandırılmır. Çünki Demokratlar partiyasının İrana qarşı xüsusi bir simpatiyası var.

Demokratlar partiyası daha çox İranı tərbiyə etməklə, ölkədə beynəlxalq hüquqlara hörmət edilməsinə çalışırlar. İsrail üçün isə İran düşməndir. Netanyahu İranın nüvə obyektlərinin vurulmasının, onlara qarşı daha sərt münasibətin tərəfdarıdır. Burada fikir ayrılıqları var”.

Onun sözlərinə görə, Azərbaycanın İran tərəfindən təhqirlərə məruz qaldığı bir dövrdə Netanyahunun yenidən seçilməsi müsbət addım hesab oluna bilər:

“İstənilən halda Netanyahu kimi avtoritar liderin hakimiyyətə gəlməsi İrana qarşı münasibətlərin daha da ağırlaşmasına səbəb olacaq. Nəzərə alsaq ki, Azərbaycanla bağlı məsələlər də Netanyahu dövründə öz zirvəsinə çatıb, indi də böyük ehtimal davam edəcək. Azərbaycanın xüsusilə İran tərəfindən bu qədər təhdid olunduğu bir dövrdə Netanyahunun hakimiyyətə gəlməsi bizim üçün müsbət bir addımdır.

Eyni zamanda Ərdoğan da avtoritar bir lider olduğundan Netanyahu ilə onun arasında mübahisələr yaranmışdı. Ancaq keçmiş baş nazirlərin dövründə ölkələr artıq görüşlər təşkil etməyə başladı. Ən son hər iki ölkənin müdafiə nazirləri görüşdü. Bu da onu deməyə əsas verir ki, Netanyahu Türkiyə ilə normallaşan münasibətlərin əleyhinə addım atmayacaq. Çünki bu əlaqələr strateji əlaqələrdir və daha çox dərin dövlət qatlarından gələn ehtiyacla izah olunur. Ona görə də hər hansı bir liderin hakimiyyətdə olması adətən bu əlaqələrin üzdə olan hissələrinə zərər vurur”.

Fidan Ali / Sulh.info.az