“Ruben Vardanyanın qondarma rejimin başına gətirilməsində müstəsna xidməti olan tərəf Rusiya tərəfidir. Məlumdur ki, Rusiya əslində Vardanyanı oraya gətirməklə özünün maraqlarını təmin etməyə çalışır. Nəzərə almalıyıq ki, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın şərtlərinə əsasən, həmin ərazidə qondarma rejim qurulmamalı və həmin ərazilər Azərbaycanın suverən ərazisi olmalı idi”.
Sulh.info.az xəbər verir ki, bu fikirləri Ruben Vardanyanın qondarma rejimin rəhbəri seçilməsi ilə bağlı açıqlamasında politoloq Samir Hümbətov bildirib:
“Rusiya bu günə qədər orada bu rejimi və ona bağlı silahlı terrorçuları saxlayıbsa, deməli, burada əsas məqsəd Ermənistanın yox, Rusiyanın marağıdır. Düşünürəm ki, Vardanyanın da bu formada fikirlər səsləndirməsinə səbəb elə Rusiya tərəfidir. Aydın məsələdir ki, Paşinyan Azərbaycanla danışıqlar masasına oturmaq istəyir. Paşinyan başa düşür ki, bu prosesin sonu yoxdur, bu əslində Ermənistanı uçuruma aparacaq bir vəziyyətdir. Ona görə də, Paşinyan yaxın zamanda Azərbaycanla sülh danışıqlarına gəlməyə məcbur olacaq. Amma Rusiya bunu istəmir.
Rusiya başa düşür ki, Ermənistan və Azərbaycan arasında sülh imzalanarsa, sülhməramlılar Qarabağdan getməli olacaq. Rusiya isə bunu istəmir. Rusiyanın bütün cəhdlərinin başında duran əsas səbəb Qarabağda qalmaq istəyidir. Soçi görüşündə də oxutduqları 10-15 illik müddətə sülhməramlıların mandatının uzadılması məsələsi də məhz Rusiyanın ideyası idi. Paşinyanı məcbur edərək bunu həyata keçirmək istəyirdi. Rusiya Vardanyanı oraya gətirməklə onun pullarını Qarabağ üçün xərcləyib, əhalinin simpatiyasını qazanmaq istəyir”.
Onun sözlərinə görə, bu fikir ayrılıqları sülhə gedən yolda prosesə təsir edə bilər, amma lazım gələrsə, Azərbaycan öz qətiyyətini göstərərək, sülhə nail olacaq:
“Bu hal sülh danışıqları prosesinə müəyyən dərəcədə təsir edə bilər. Amma Azərbaycan bilir ki, Vardanyanın qondarma rejimin başına gətirilməsi Ermənistanın yox, Rusiyanın planıdır. Amma nəzərə almalıdır ki, Azərbaycan sıradan bir dövlət deyil. Lazım gələrsə, Azərbaycan Soçi görüşündə göstərdiyi qətiyyəti təkrar göstərəcək. Belə bir addımın atılması da Vardanyan daxil olmaqla bütün işğalçıların oradan çıxarılmasına, eyni zamanda Qarabağın nəzarətinə keçməsinə təkan verəcək”.
Fidan Ali / Sulh.info.az