"Rusiya sülhməramlılarının sülhdən başqa məşğul olmadıqları iş qalmadı. Məramı sülh olanlar vəzifə səlahiyyətlərinin tam əksinə gedərək humanitar yardım adı altında ermənilərə silah daşıyırlar. Özü də ilk başda kalaşnikovlar ötürülürdüsə, indi isə daşınan silahlar olduqca iriçaplıdır. Deməli, qanunsuz erməni silahlı birləşmələri mütəşəkkil vəziyyətə gətirilir. Belə olduğu halda təbii ki, ermənilər bundan cəsarət alırlar və mövqelərimizi də elə müxtəlif çaplı atıcı silahlarla atəşə tuturlar".
Sulh.info.az xəbər verir ki, bu fikirləri rus sülhməramlılarının ermənilərə silah daşıması ilə bağlı saytımıza açıqlamasında politoloq Şəbnəm Həsənova bildirib:
"Üçtərəfli bəyanatda da aydın göstərilən vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin daşınması kimi üç əsas məqsədə xidmət edən yəni, humanitar məqsədli Laçın dəhlizi vasitəsilə silahlar daşınır. Belə bir vaxtda isə Azərbaycan Ordusunın Xocalıda mülki traktora guya atəş açması kimi dezinformasiyalar yayılır. Deməli, sərt və yumşaq olmaqla hər iki formada Azərbaycana hərtərəfli basqı edilir.
Brüsseldə delimitasiya və demarkasiya ilə bağlı üçtərəfli görüş keçirilir, mövqelərimiz atəşə tutulur. Xarici işlər naziri Ceyhun Bayramovun Vaşinqtona səfəri başlayır, mövqelərimiz yenə atəşə tutulur. Bu və təyinat, səfərlər kimi bənzəri təxribatların törədilməsində əsas məqsədlərdən biri də odur ki, görüşqabağı Azərbaycan Ermənistanın ərazi bütövlüyünü pozan tərəf kimi qələmə verilsin. Yəni, ortada Ermənistanın həm daxilindən, həm də xaricindən qaynaqlanan planlaşdırılmış ssenari mövcuddur. Azərbaycanın suveren ərazilərinə silah daşınılıb, vaxt uzatmasına gedildiyi bir vaxtda, dövlətimizə qarşı təzyiqlər, cəmiyyətimizə də sızma cəhdləri edilməsi ilə hərtərəfli və müxtəlif təxribatlara əl atılırsa, deməli, Ermənistanın başını müxtəlif çomaqlara sürtməsinin nəticəsi çomaqlarının sayı qədər ağır olacaq".
Politoloqun sözlərinə görə, üçtərəfli bəyanatın şərtlərinə əməl olunmur. Onun nəticəsidir ki, nəinki erməni silahlı qüvvələri bu ərazilərdən çıxarılmır, hətta silahlandırılır:
"Bütün bunlara paralel olaraq Azərbaycan həm də cənubda hərbi təlimlər keçirir. Odur ki, Ermənistan regional və regiondan kənar olmaqla heç kimə arxayın olmasın.
Bir sözlə, üçtərəfli bəyanatın dördüncü bəndi zərrə qədər də icra olunmur. Erməni silahlı qüvvələr nəinki çıxarılmır, hələ bir mütəşəkkil qaydada silahlandırılır da. Rusiya tərəfi sanki heç nəyi görmür, Azərbaycan tərəfi isə hər şeyi aydın görür, cəmiyyət hər şeydən yaxşı xəbərdardır. Xalqımız şəhidləri orada kimlərinsə əbədi məskən salması üçün verməyib. Belə getsə mandatı hələ də təsdiqlənməmiş rus sülhməramlıları vaxtından tez də çıxarıla bilər".
Fidan Ali / Sulh.info.az