“Bu gün bu məsələlər ölkədə hər kəsi düşündürür. Rusiya sülhməramlılarının Xankəndində ilişib qalan erməni toplumunu silahlandırmaqda məqsədi nədir? Qeyd olunmalıdır ki, bölgədə yaşayan ermənilərin yenidən silahlandırılması Rusiyanın çox geniş region siyasətinin tərkib hissəsidir”.
Sulh.info.az xəbər verir ki, bu sözləri rus sülhməramlılarının ermənilərə silah daşıması ilə bağlı saytımıza açıqlamasında politoloq Əlimusa İbrahimov bildirib:
“Məlum olduğu kimi, Rusiyanın mövqe və nüfuzunun getdikcə azalmasına baxmayaraq, buranı tərk etmək fikrində deyil. Əlində olan bütün imkanlardan istifadə edir ki, burada yerləşən ölkələrə təsir mexanizmini itirməsin. Bu mexanizm indi sadəcə Xankəndi və onun ətrafında məskunlaşan kiçik erməni qrupudur. Ermənilərin burada qalması, Azərbaycan və Ermənistanın nəzarətindən kənarda və Rusiyanın təsiri altında yaşaması hazırda Rusiyanın mövcudluğunun başlıca şərtidir.
Elə məhz buna görə də Rusiya Vaşinqton sənədindən fərqli sülh nüqaviləsi ortalığa atmaqla "status" məsələsini qaldırır. Rusiya sülhməramlı adı altında bölgəyə yerləşdirdiyi hərbçilər vasitəsi ilə, onları silahlandırmaqla vaxtı gələndə onlardan istifadə etmək, təbii ki Azərbaycana qarşı, məqsəd güdür. Bu gün rusların ermənilərə verdiyi silahlar sabah onlarla eyni cəbhədə saf tutacaq erməni qanunsuz hərbi birləşmələri tərəfindən istifadə olunacaq”.
Onun sözlərinə görə, Azərbaycan öz mövqeyini dəfələrlə bildirib. Əgər Rusiya və Ermənistan buna etiraz edərsə, sülhməramlıların 5 illik müddəti bitmədən fəaliyyətlərinə xitam verilməsi məsələsi gündəmə gətirilə bilər:
“Azərbaycanın bu məsələ ilə bağlı hansı mövqe tutacağına gəlincə, o bu mövqeni dəfələrlə müxtəlif səviyyəli görüşlərdə bildirib. Azərbaycan bütün vasitələrdən istifadə edərək ermənilərə silah və sursat ötürülməsi kanallarını bağlamalıdır.
Rusiya sülhməramlılarına Azərbaycan tərəfindən nəzarət mexanizmi işlənilib hazırlanmalı, müddət bitənə qədər Azərbaycan tərəfi də ermənilərin gediş-gəlişinə nəzarət etməlidir. Əgər Rusiya və Ermənistan buna etiraz edərsə, 5 illik müddət bitmədən sülhməramlıların fəaliyyətinə xitam verilməsi məsələsi gündəliyə gətirilməlidir”.
Fidan Ali / Sulh.info.az