“Panik atakı çox vaxt “öldürməyən ölüm qorxusu” adlandırırlar. O çox vaxt xəbərdarlıq etmədən, heç bir səbəb olmadan, narahatlıq və qorxu hissi ilə qəflətən gələn həyəcan halıdır”.
Sulh.info.az xəbər verir ki, bu sözləri saytımıza panik atakla bağlı danışarkən psixoloq Vəfa Əkbər bildirib:
“Panik atakın müəyyən simptomları var. Onların köməyi ilə insanda panik atakın baş verdiyini anlamaq mümkün olur. Çox vaxt insanda ürək çırpıntısı, tərləmə, titrəmə, ağız quruluğu, istilik basması, boğulma, döş qəfəsində ağrılar olur. Bu zaman insan ürək və yaxud da başqa bir xəstəliyinin olduğunu düşünür, tez-tez həkimə müraciət edir, heç bir həkimə güvənmir və mütəmadi olaraq həkim dəyişdirir. Hər şeydən qorxur, hətta ətrafından hər hansısa bir xəbəri almaq üçün həyəcan keçirir.
Panik atak beyində başlayır, sinir implusları nəticəsində bütün bədənə yayılır. Bu da adrenalinin artmasına səbəb olur. Yəni insanda “hücum var, qaç” effekti yaradır. Bu zaman çərçivəsində də təngənəfəslik yaranır ki, panik atakla bağlı müraciət edənlər çox vaxt bundan şikayətlənirlər. Təngənəfəslik yarandığı üçün onlar daha çox nəfəs almağa meyilli olur. Çox nəfəs alıb-vermək isə qanda karbon qazının miqdarının artmasına və qanın turşuluğunun dəyişməsinə səbəb olur. Nəticədə uzun müddət davam edən ürək çırpıntısı yaranır”.
Onun sözlərinə görə, panik atak xəstəlik yox, psixoloji problemdir. Bunun üçün sadəcə psixoloqa müraciət etmək lazımdır:
“Panik atakın səbəbləri müxtəlif ola bilər. daha çox qeyri-müəyyənlik duyğusundan yaranır. Bir insan uzun müddət, duyğularını basdırır və bunu həmin an üçün normal hesab edir. Bir müddət sonra tam zamansız, əlaqəsiz bir məkanda üzə çıxır.
Amma nəzərə almaq lazımdır ki, panik atak bir xəstəlik deyil, psixoloji problemdir. Panik atakla mübarizə üçün zamanında psixoloqa müraciət etmək kifayət edir. Çox vaxt insanlar bu əlamətlərin səbəbini öyrənmək üçün həkimə müraciət edərək, müxtəlif müayinələrdən keçirlər. Çünki panik atak elə bir formada özünü büruzə verir ki, insan sanki yaşamadığını hiss edir”.
Fidan Ali / Sulh.info.az