“Rusiya prezidenti Vladimir Putinin İrəvana səfəri KTMT-nın növbəti toplantısının keçirilməsi ilə bağlıdır. Lakin istənilən halda Rusiya tərəfi regionda öz mövqelərini möhkəmləndirməyə çalışır. Çünki Rusiya-Ukrayna müharibəsi nəticəsində Rusiyanın həm Cənubi Qafqazda, həm də beynəlxalq miqyasda nüfuzu sarsılıb”.
Sulh.info.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putinin İrəvana səfəri ilə bağlı saytımıza açıqlamasında politoloq İlyas Hüseynov bildirib:
“Eyni zamanda siyasi, iqtisadi məhdudiyyətlərin tətbiq olunması Rusiyanın beynəlxalq imicinə və vasitəçilik imkanlarına mənfi təsir göstərib. Digər tərəfdən, nəzərə almalıyıq ki, regionda ABŞ və Aİ çox fəallaşıb. Soçi görüşünün keçirilməsi isə bu fəallığın qarşısını ala bilmədi. Ona görə də, Rusiya artıq regionda birbaşa siyasi proseslərə qoşulmaq niyyətini ifadə edir. Eyni zamanda son dövrlər Ermənistan Rusiyanın təklif etdiyi plana çox müsbət yanaşır və Azərbaycana qarşı ərazi iddiaları səngimək bilmir.
Qeyd etmək lazımdır ki, atom energetikası sahəsində Rusiya ilə Ermənistan arasında yaxınlaşma hiss olunur. Atom energetikası bəlkə də, yeganə sahədir ki, Rusiya şirkətləri Avropanın və ABŞ-ın şirkətləri ilə məhz texnologiya sahəsində rəqabətə girə bilər. Ona görə də, Rusiya üstün olduğu tərəfi Ermənistanla əməkdaşlıq müstəvisinə daşımaq istəyir”.
Onun sözlərinə görə, Ermənistan əvvəlki dövrlərdə olduğu kimi öz xeyrinə addımlar atmağa və Azərbaycanı təcavüzkar ölkə kimi tanıtmağa çalışır:
“Uzun müddətdir ki, Ermənistan KTMT-nin nüfuzundan öz xeyrinə istifadə etməyə çalışır. Bu həm Tovuz döyüşləri, həm Vətən müharibəsi, həm də ondan sonrakı zamananlarda da müşahidə olunurdu. Eyni zamanda beynəlxalq miqyasda da Azərbaycanı təcavüzkar dövlət kimi tanıtmağa çalışır. Ancaq siyasi müstəvidə bu mümkün olmur.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də YAP-ın yaranması ilə bağlı keçirilən tədbirdə qeyd etdi ki, Azərbaycan həm Frankofoniya təşkilatında, həm KTMT-də təmsil olunmasa da, bu təşkilat daxilində bizə dost olan dövlətlər bizi müdafiə edir. Ona görə də, bizə dost olan dövlətlər hər zaman Ermənistanın çirkin niyyətlərini anlayırlar. Bu da Azərbaycanla həmin dövlətləri daha da yaxınlaşdıran amil kimi qiymətləndirilir”.
Fidan Ali / Sulh.info.az