“2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli birgə Bəyanatın 4-cü bəndində aydın göstərilib ki, Rusiya sülhməramlı kontingentin yerləşməsi qanunsuz erməni silahlı birləşmələrinin çıxması ilə paralel realizə edilməli idi. Lakin indiyə qədər bu bənd nəinki tamamilə icrasız qalır, üstəlik sülhməramlılar öz vəzifə səlahiyyətlərində ciddi qüsurlara yol verirlər”.
Sulh.info.az xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında politoloq Şəbnəm Həsənova bildirib:
“2020-ci ildə regiona yerləşən və vəzifə səlahiyyəti tərəflər arasında yarana biləcək anlaşmazlıqları həll etmək olan sülhməmaramlı kontingent təkcə 2021-ci ildə 350 minanın basdırılmasına göz yumur. Axır vaxtlar qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atəşkəsin pozulması və digər hadisələr barədə Rusiya tərəfinə təqdim edilən informasiyanın Rusiya sülhməramlı kontingentinin rəsmi açıqlamalarında öz əksini tapmaması haqqında Müdafiə Nazirliyinin yaydığı bəyanat, mövcud fakt Azərbaycan cəmiyyətində haqlı olaraq sülhməramlı kontingentə qarşı bir hiddət yaradır. Vacib daha bir qurumumuz olan Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin Qarabağda rus sülhməramlıların məsuliyyət zonasına silah-sursat daşınması haqda açıqlama yayması da, düşünürəm ki, artıq Ermənistan və ona havadarlıq edən tərəflər üçün həyəcan təbili olmalıdır.
İranın casus şəbəkəsini üzə çıxarması istiqamətində Dövlət Təhlükəsizliyi Xidmətinin icra etdiyi sonuncu uğurlu əməliyyatları bizə faktiki onu deməyə əsas verir ki, Azərbaycan bu kimi pozucu bütün addımlara qarşı zəruri addımlar atmaq gücündə və iqtidarındadır. Regional təhlükəsizliyi təmin etməklə biz beynəlxalq təhlükəsizliyə töhfə verən ölkəyik. Regiondan kənar aktorlar da məhz bunu görür və dəyərləndirir. Region dövlətinin isə belə ciddi qüsurları yolverilməzdir. Laçın dəhlizinin təyinatından kənar istifadə olunması Kremlin vasitəçilik missiyasını, daha sonrasında və indiyə qədər verdiyi bəyanat və açıqlamalarını ciddi şübhə altına salır. Dövlətimizin və onun Təhlükəsizlik Xidmətinin gücü, peşəkarlığı həm Ermənistana, həm də ona havadarlıq edən bütün qüvvələrə məlum olmalıdır. Bu peşəkarlıqla keçiriləcək ən sadə anti-terror əməliyyatı belə Ermənistanı elə bir günə salacaq ki, pulsuz, ya da imtiyazlı şəkildə əldə etdiyi silah-sursatın hamısı göyə, insan resursu isə ya yerə, ya da havaya sovrulacaq”.
Onun sözlərinə görə, DTX-nin bu açıqlaması onu göstərir ki, əldə kifayət qədər ciddi faktlar var:
“Artıq bu məsələ haqqında Azərbaycan xalqının güvənini və etimadını qazanan, peşəkarlığı da xarici dairələrə yaxşı məlum olan Dövlət Təhlükəsizlik Xidməti kimi ciddi və nüfuzlu bir qurum danışırsa, deməli, əldə kifayət qədər ciddi faktlar, bu faktların da qarşısını almağa kifayət qədər əsaslar mövcuddur. Sülhməramlılar vəzifə səlahiyyətlərini bölgədə qalma müddəti olan 2025-ci ilin bitməsinə 6 ay qalmışa qədər yekunlaşdırmaq istəmirlərsə, sülhməramlı adı ilə bölgədə qalmağa çalışıb, öz missiyalarına zidd hərəkətlərlə məşğul olmamalıdırlar. Azərbaycan bölgədə təhlükəsizliyin dayanıqlı hala gəlməsi baxımından nəqliyyat və kommunikasiyaların açılmasına çalışır.
Düşünürəm ki, iqtisadi boşluqlarının bu xətlər vasitəsilə doldurulması və siyasi rıçaqlarının bölgədə tamamilə itməməsi üçün regional qüvvələr Azərbaycanın fundamental məsələlərdə maraqlarına zidd addımlar atmamalıdırlar. Birmənalı qeyd olunmalıdır ki, cənab Prezident İlham Əliyevin də bildirdiyi kimi “Biz heç bir xarici aktorun öz standartlarını və iradəsini hökumətimizə və xalqımıza diktə etməsinə imkan verməyəcəyik”.
Fidan Ali / Sulh.info.az