“Son günlər ardıcıl olaraq atəşkəsin pozulması hallarının baş verməsinin birbaşa səbəbi Ermənistanın apardığı siyasət, Ermənistan daxilində gedən proseslərdir. Ermənistan yenə illüziyalara qərq olur”.
Sulh.info.az xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında Milli Məclisin deputatı Nigar Arpadarai bildirib:
“Ermənistanın siyasi elitası, onun dövlət quruluşu, Konstitusiyası, milli mədəni ənənəsi, tarixi konsepsiyası, son iki əsrin ədəbiyyatı, məktəb təhsili - hər şey müəyyən tarixi “incikliklərə” görə qisas almaq və qonşulara qarşı ərazi iddialarına əsaslanır. Təəssüf ki, bu gün Ermənistanda mövcud olan bu reallıqda Azərbaycan və Türkiyə ilə dinc yanaşı yaşama və əməkdaşlığa yer yoxdur.
Bəli, bəzən biz Ermənistanın sülhə hazır olması ilə bağlı mesajları eşidirik. Amma bu bəyanatlar, real əməllərlə ziddiyyət təşkil edir. Real sülhə gəlmək üçün Ermənistana çox dərin şok terapiyası və ictimai-siyasi həyatın bir çox sahələrində islahatlar lazımdır. Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən, Ermənistan Konstitusiyası, siyasi elita dəyişdirilməli, media sahəsi və tarixi konsepsiyada islahatlar aparılmalıdır.
Deyilənlərin heç biri baş vermir. Eyni zamanda, bu gün, tam fəlakətli hərbi məğlubiyyətdən iki il sonra, erməni mətbuatında revanşizm ideyaları yer alır. Bunun isə aydın səbəbləri var. Ermənistanın ictimai-siyasi sisteminin təməli – ekspansionizm, qonşulara qarşı ərazi iddiaları dəyişməyib. Və istənilən dinamika ilə ekspansionist gündəm qaçılmaz olaraq canlanacaq. Sağlam düşüncə tələb edir ki, Ermənistan cəmiyyətində illüziyalardan oyansın və Azərbaycanla çətin, lakin əldə edilə bilən sülhə addım-addım getsin. Azərbaycan da sülh istəyir. Çünki Ermənistanla davamlı sülh regionun iqtisadi inkişafının növbəti mərhələsinə start verməyə imkan verəcək”.
Deputatın sözlərinə görə, Ermənistan illüziyalardan oyanmalı və mövcud dinamikanı dəyişmək üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir:
“Amma hələlik proses əksinədir. Erməni cəmiyyəti yavaş-yavaş yenidən həyata keçirilməyən və özünü məhv edən illüziyalara qərq olur. İndiki dinamikanı dəyişmək üçün Ermənistanın Üçtərəfli Bəyanatın müddəalarının icrasını bərpa etməsi lazımdır. Xüsusilə, Ermənistan qoşunlarının Qarabağdan çıxarılması, Xankəndindəki dəhlizdən dinc məqsədlərlə istifadə edilməsi və Zəngəzur dəhlizinin təmin edilməsi ilə bağlı müddəalar icra olunmalıdır. Axı, sülh sazişi üzrə danışıqların dinamikası nə olursa olsun, heç kim Ermənistanı Üçtərəfli Bəyanat üzrə öhdəliklərindən azad etməyib. Bu ilk növbədə Ermənistanın özünə lazımdır. Hələ isə biz bunun əksini görürük”.
Fidan Ali / Sulh.info.az