“Sözsüz ki, enerji sektorundan əldə edilən iqtisadi resurslar, maliyə imkanları Azərbaycan üçün olduqca önəmlidir. Çünki son illərin əsas investisiya mənbələrinə nəzər salsaq, görərik ki, bu məhz enerji sektorundan əldə olunan iqtisadi imkanlar hesabına reallaşıb”.
Sulh.info.az xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında iqtisadi ekspert Elşad Məmmədov bildirib:
“Düşünürəm ki, neft və qaz ixracından əldə olunan resursların ölkə iqtisadiyyatındakı rolunu kifayət qədər kritik bir rol kimi dəyərləndirmək olar. Eyni zamanda ölkəmizin beynəlxalq müstəvidə mövqeləşməsi də məhz neft və qaz sektorundakı siyasətlə əlaqəlidir.
Biz ölkənin valyuta bazarındakı iqtisadi sabitliyini bunun hesabına təmin etmiş oluruq. Digər tərəfdən investisiya mənbələri formalaşır, beynəlxalq müstəvidə ölkəmizin mövqeləri güclənir”.
Ekspert bildirib ki, Azərbaycan iqtisadiyyatının inkişafında neft və qaz sektorunun rolu göstəricilərdə ifadə olunandan da artıqdır:
“Neft və qaz sektorunun Azərbaycan iqtisadiyyatındakı kritik rolu onunla izah olunur ki, xarici ticarətdə ixracın təxminən 90%-i bu sektorun üzərinə düşür. Bu da ölkəyə daxil olan valyuta axınlarının əksər hissəsi deməkdir. Eyni zamanda büdcənin formalaşmasında neft və qaz sektoru 50%-dən çox birbaşa paya malikdir.
Ümumi daxili məhsulda da neft və qaz sektorunun böyük payı var, çünki burada birbaşa paydan əlavə dolayı pay məsələsi də var. Eyni zamanda bizim ölkəyə idxal nöqteyi-nəzərindən önəmli rola malik olan suveren qızıl valyuta aktivlərinin də formalaşmasında həlledici rol məhz neft və qaz sektorunun üzərinə düşür. Qeyd etmək lazımdır ki, bütövlükdə Azərbaycan iqtisadiyyatında neft və qaz sektorunun rolu birbaşa göstəricilərdə ifadə olunandan da artıqdır”.
Fidan Ali / Sulh.info.az