Son günlər AzTV-də yayımlanacaq "Atabəylər: Şəmsəddin Eldəniz" serialı ilə bağlı bir sual gündəmə gəlib. Belə ki, "Həmin dövrdə Azərbaycan var idi?" sualı geniş müzakirələrə səbəb olub.
Sulh.info.az xəbər verir ki, bu barədə tarixçi alim Telman Nüsrətoğlu saytımıza danışıb:
“Məlum olduğu kimi, Atabəylik qurumu Böyük Səlcuqlu İmperiyasında şəhzadələrin yetişdirilib praktik və nəzəri baxıımdan dövlət təcrübəsiylə təchiz edilməsində mühüm rol oynayan, vilayətlərin idarəçiliyini asanlaşdıran bir model idi. Qədim Türk tarixində hakimiyyətin davamlılığını təmin edən xarizmatik vərasət üsulu dövlət idarəçiliyində ləyaqət və ədaləti ön plana çıxarsa da mərkəzi hakimiyyətin zəiflədiyi dövrlərdə taxt mübarizələrinə yol açmışdır. Səlcuqlularda da eyni proses cərəyan etmiş, soltan II Toğrulun rəğbətini qazanaraq əmir titulunu alan Şəmsəddin Eldəniz daha sonra soltanın oğlu Arslanın atabəyi kimi Cənubi Azərbaycanın idarəçiliyindən məsul olmuşdur. Daha sonrakı dövrdə o, Arran hakimi təyin olunmuş, Böyük Səlcuqlu İmperiyasının süqut etməsi prosesindən sonra hakimiyyətini Dərbənddən Bəsrə körfəzinə qədər genişlətmişdir.
Yəni Azərbaycan Atabəyləri dövləti müəssisələr, mədəniyyət və hərb sistemi olaraq həm qədim türk dövlətləri tarixinin, Səlcuqlunun davamıdır, həm də coğrafi mənada Azərbaycan tarixinin parlaq bir hissəsidir”.
Bildirib ki, bu formada serialların istehsalı davam etdirilməli və gələcək nəslə tariximizi anlatmalıyıq:
“Tarix və milli kimlik millətlərin tarixində çox mühümdür. Ümumi türk tarixi kontekstindən qoparmadan, Sovet dövründə məqsədyönlü şəkildə bizə empozə edilməyə çalışılan türk tarixinin dərinliyi və bütövlüyündən qoparılan Azərbaycan coğrafiya tarixi konsepsiyasının tələsinə düşmədən, Azərbaycan və Anadolu Oğuzları da daxil olmaqla geniş coğrafiyaların türk kütlələrini bayrağı altında birləşdirən Səlcuqlu və onun davamı olan Atabəyləri gənclərimizə anlatmalıyıq. Onlar həm də bizə böyük düşünməyi və böyük hədəflər arxasınca getməyi öyrədəcəklər. Atabəylər serialı-ümumiyyətlə, tariximizin möhtəşəm dövrlərini ələ alan seriallar Türkiyədə olduğu kimi bizdə də artırılmalıdır. Bu mənada Aztv-nin təşəbbüsü alqışlanmalıdır”.
“Azərbaycan” adının nə vaxtdan və hansı coğrafiya üçün istifadə edilməsi məsələsinə gəldikdə isə…”
“Günümüzün siyasi, idari-inzibati və coğrafi mənalardakı “Azərbaycan” anlayışı ilə orta əsrlərin Azərbaycanı, dövlətçilik paradiqması fərqlidir. Orta əsrlərdə qurulan türk dövlətləri əsasən xanədan adı ilə qurulan dövlətlərdir. Hadisələrə və coğrafiyaya daha geniş baxış bucağı ilə baxar, daha geniş hakimiyyət arealları uğrunda mübarizə aparlar. Səlcuqlu və onun davamı olan Atabəylər də elədir. Azərbaycan adının nə vaxtdan və hansı coğrafiya üçün istifadə edilməsi məsələsinə gəlincə, tədqiqatçılar arasında bu haqda fərqli fikirlər mövcuddur.
Miladi minilliyin ortasından etibarən Dərbənddən Həmədana qədər uzanan ərazilərə Azərbaycan deyilib. Bu barədə ilk dövr mənbələrində, ərəb coğrafiyaçılarının əsərlərində keçməkdədir. M.ə 503- cü ildən etibarən Sabarlar adlanan türk boyu Dərbənd yoluyla Cənubi Qafqaz torpaqlarına keçməyə başladılar. Dərbənd Türk qapısı adlandırılmışdır. Təbəri, Bulqar və Bələncər Türklərinin Azərbaycana yerləşdiklərini qeyd edir”.
Onun sözlərinə görə, keçən arxiv sənədlərində Azərbaycan dedikdə, məhz Cənubi Azərbaycan nəzərdə tutulub:
“Qədim dövrün tarix kitaplarında əksini tapan, bu gün də Azərbaycan ərazilərində mövcud olan Şabran, Suvar, Şirvan, Beylaqan, Bulqar kimi toponimlər İslamdan əvvəlki dövrdən türklərin Azərbaycanda yaşadıqlarını göstərir. Ağhun və Ağaçərilərin Sasani zülmünə qarşı Qafqaz xalqlarını himayə etdiyi də bəllidir. Yəni həm türklərin Azərbaycanda yerləşməsinin, həm də coğrafi bir termin kimi Azərbaycan kəliməsinin istifadə tarixi çox qədimdir. Ancaq onu da qeyd etmək lazımdır ki, Osmanlı arxiv sənədlərinin çoxunda Azərbaycan dedikdə, Cənubi Azərbaycan nəzərdə tutulur. Şimali Azərbaycanın böyük hissəsi orta əsr mənbələrində daha çox Arran kimi ifadə olunub.
Onu da unutmamaq lazımdır ki “Atabəylər: Şəmsəddin Eldəniz” serialı sənədli film deyil. Tarixdə yaşanan hadisələrin hamısı olduğu kimi yer ala bilməz. Orada daha çox tamaşaçı cəlb etmək üçün əlbətdə, təxəyyül də, günümüzlə səsləşən mesajlar da olacaq”.
Fidan Ali / Sulh.info.az