“Son vaxtlar demək olar ki, hər gün Ermənistan və Qarabağda müvəqqəti yerləşdirilən rus sülhməramlıları tərəfindən onların nəzarətində olan bölgələrdə ordumuz əleyhinə cinayətlərin baş verməsi, atəşkəsin pozulması və sərhəd toqquşmalarının şahidi oluruq”.
Sulh.info.az xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında politoloq Tural İsmayılov bildirib:
“Ölkəmizə qarşı həyata keçirilən təxribatlar Cənubi Qafqaz regionunda vəziyyətin daha da gərgin qalmasına səbəb olur. Müvəqqəti yerləşdirilən rus sülhməramlıları hələ də öz öhdəliklərini və 10 noyabr bəyanatının müddəalarında nəzərdə tutulan, qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan torpaqlarından çıxarılması vəzifəsini yerinə yetirmirlər.
Bu baxımdan Azərbaycan üçün növbəti addım birmənalı şəkildə yeni antiterror əməliyyatlarını həyata keçirmək olmalıdır. Çünki belə olmayacağı təqdirdə, bölgədə vəziyyət daha da gərginləşəcək”.
Onun sözlərinə görə, Ermənistan tərəfinin ardıcıl olaraq atəşkəsi pozması yeni müharibəyə hazırlaşdıqlarını deməyə əsas verir:
“Nəzərə almaq lazımdır ki, hazırda rus sülhməramlılarının heç bir beynəlxalq mandatı yoxdur və Azərbaycan öz ərazisində hər hansı bir sülhməramlı qüvvənin qalmasını və yaxud çıxmasını özü müəyyənləşdirə bilər. Rus sülhməramlılarının bu formada fəaliyyətləri davam edərsə, onların fəaliyyət müddətinin 5 ili tamam olmamış Qarabağdan çıxarılması prosesinə başlaya bilərik.
Hərhalda ermənilərin son dövrlər atəşkəsi yenidən pozması onların yeni müharibəyə hazırlaşdığını göstərir. Düşünürəm ki, Azərbaycan da bu təxribatlara qarşı əməli addımları artıq planlaşdırıb”.
Fidan Ali / Sulh.info.az