Son zamanlar Azərbaycanda pensiya yaşının yüksək olması ilə bağlı müzakirələr gedir.
Sulh.info.az bu barədə mütəxəssislərin fikrini öyrənib. İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, pensiya yaşının yenidən 63 yaşa endirilməsi daha uyğundur:
“Azərbaycanda pensiya üçün 65 yaş tətbiq olunması müəyyən problemlər yaradır. Çünki 65 yaş tətbiq olunan ölkələrdə ortaömürlülük bizdən daha yüksəkdir. Həmin ölkələrdə demoqrafik vəziyyət çox çətin və ağırdır. 65 yaşı o ölkələrdə tətbiq edirlər ki, orada gənc kadrlara ehtiyac var. Ona görə də iş yerlərini və mütəxəssislərini itirməmək üçün pensiya yaşını 65 yaşa qaldırırlar.
Bizdə daha gənc, dinamik toplum var. Bu səbəbdən bizdə təqaüd yaşının 65 yaşa qaldırılması doğru qərar deyildi və bu gün onun fəsadlarını yaşayırıq”.
Ekspert bildirib ki, pensiya yaşı ölkənin ortaömürlülüyü nəzərə alınaraq təyin olunmalıdır:
“Azərbaycanda pensiya yaşı ortaömürlülüyü nəzərə almaqla təyin olunmalıdır. Ökəmizdə pensiya yaşı ilə bağlı təyin olunmuş əvvəlki qaydada xanımlar üçün yaş həddi 60, kişilər üçün 63 nəzərdə tutulmuşdu. Bu yaş həddi kifayət qədər normal bir yanaşma idi, təəssüf ki, bu qaydaya dəyişiklik edildi. Düşünürəm ki, yenidən qadınlar üçün 60, kişilər üçün isə 63 yaşın nəzərdə tutulması daha məqsədəuyğundur”.
Sosioloq Lalə Mehralı da eyni mövqedən çıxış edərək bildirib ki, ölkədə pensiya yaşı azaldılmalıdır, çünki insanların əksəriyyəti pensiya yaşına çatmadan dünyasını dəyişir:
“Düşünürəm ki, ölkədə pensiya yaşının azaldılmasına ehtiyac var. Çünki statistika göstərir ki, insanların çoxu pensiya yaşına çatmadan xəstəlikdən, qəzadan, ya da fərqli bir səbəbdən dünyasını dəyişir. Bütün ömrü boyu işləyərək pensiya fonduna kapital qoyur, amma pensiya yaşına çatmadan dünyadan köçür. Həmin məbləğ heç bir halda həmin insana qeri qaytarılmır. Təklif edirəm ki, bu halda onun pensiya kapitalı birdəfəlik ödəmə kimi ailəsinə təqdim edilsin.
Tək pensiya yox, ümumiyyətlə, müavinətlər məsələsində də vəziyyət qarışıqdır. Məsələn, 6 uşaqlı ailə müavinət ala bilir. Məncə bunu ən azı 4 uşağa kimi endirmək olar”.
Fidan Ali / Sulh.info.az