​"Rusiya sülh müqaviləsinin imzalanması üçün tələsmir, çünki məqsədi..." - Politoloq AÇIQLADI

​
13:28 06.12.2022
191 Siyasət
A- A+

“Aydın məsələdir ki, Rusiya tamamilə bütün prosesin öz nəzarəti altında olmasını istəyir. Rusiya sırf öz şərtləri ilə sülh müqaviləsinin imzalanmasını istəyir və bunun üçün tələsmir. Yəni Rusiyanın ilk növbədə məqsədi sülh müqaviləsinin imzalanmasını maksimum gecikdirmək, mümkündürsə, Azərbaycan-Ermənistan arasındakı münasibətləri sonsuza kimi münaqişəli vəziyyətdə saxlamaqdır”.

Sulh.info.az xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında politoloq Turab Rzayev bildirib:

“Eyni zamanda Azərbaycan, Qərb, hətta Ermənistan belə prosesi yekunlaşdırmaq istəyir. Əlbəttə ki, hər tərəf öz xeyrinə sülh imzalanmasının tərəfdarıdır. Bu zaman isə Rusiya məsələni öz şərtləri daxilində həll etməyə və hər iki tərəfə öz şərtlərini diqtə etməyə  çalışacaq. Bu şərtlər isə indiki məqamda nə Azərbaycanın, nə də Ermənistanın bütün istəklərini qarşılamır. Bu bəlli bir məqamdır. Hətta sülh bəyanatı imzalanan zaman Putinin köməkçisinin “Oxuyacaqsınız?” sualına “Özüm yazmışam, niyə oxuyum?” cavabını verməsi də bunu göstərir. Yəni demək istəyir ki, bölgədə əsas söz sahibi mənəm.

Digər tərəfdən Rusiya ortaq məxrəc gətirə bilmir. Çünki Rusiyanın verdiyi təklifdə muxtariyyət məsələsi olarsa, Azərbaycan, olmasa isə Ermənistan qəbul etməyəcək. Ona görə də Rusiya təkliflər məsələsini tərəflərin üzərinə atır ki, Azərbaycan və Ermənistan təklif etsin. Sülh müqaviləsi baş tutmayacağı zaman isə fikir formalaşdıracaq ki, tərəflərin təklifləri bir-birilə uyğunlaşmır, ona görə də sülh müqaviləsi alınmır. Ancaq özünə lazım olduğu zaman Rusiya həm Azərbaycana, həm də Ermənistana kifayət qədər təzyiq edir”.

Erməni əsilli rusiyalı mediamenecerin, Kremlin Paşinyanı devirmək istəməsi ilə bağlı çıxışı barədə danışan politol0q bildirib ki, bu proses hər zaman olub, sadəcə indi daha açıq bəyan edirlər:

“Bu hər zaman mövcud olan bir məsələ olub. Paşinyan onun dedikləri ilə razılaşmırsa, onu devirməyə çalışır. Niyə bunu indi açıq şəkildə səsləndirirlər?

Biz açıq şəkildə gördük ki, Paşinyan Brüssel görüşü təklif etdi, burada real nəticələr əldə olundu. Bütün bunlar ona hesablanıb ki, Rusiya bölgədən çıxsın və əsas moderator Aİ olsun. Paşinyanın Rusiyanın sülh təklifini rədd etməsi ilə bağlı iradı, Paşinyanın əslində Rusiyanı vasitəçi kimi rədd etməsi və yerinə Brüsselə Ai-ni gətirmək istəyi Rusiyanın qıcıqlanmasına səbəb olur”.

Fidan Ali / Sulh.info.az