​"Bizim toplumda normal müzakirə mədəniyyəti formalaşmayıb" - Mütəxəssis RƏYİ

​
14:08 07.12.2022
254 Sosial
A- A+

Bu gün sosial şəbəkələr həyatımızın vacib, eyni zamanda ayrılmaz bir parçasına çevrilib. Həyatımızın hər anını paylaşa, tanımadığımız insanlarla ünsiyyətə girə və müxtəlif mövzularda müzakirələr apara bilirik. Bəzən isə müzakirələrin mübahisə ilə nəticələndiyinin, insanların tənqid xarakterli ifadələrdən istifadə etməsinin şahidi oluruq. Bəs görəsən, sosial şəbəkələrdə necə davranmalı və bir problemin müzakirəsini necə aparılmalıyıq?

Sulh.info.az olaraq ekspertlərin fikrini öyrəndik. Sosioloq Əhməd Qəşəmoğlu bildirir ki, hazırda bu sahə ilə bağlı boşluqlarımız var:

“Bizim sosial şəbəkələrdə hər hansı bir mövzunu müzakirə etmək vərdişimiz yoxdur. Bununla bağlı xüsusi metodlar hazırlanmalıdır. Bizim hazırda sosial şəbəkələrdəki vəziyyətimiz necədir?

Deyək ki, uzaq dağ kəndindən böyük bir şəhərə gələn insan vağzalda, küçələrdə özünü itirir, hara gedəcəyini və nə edəcəyini bilmir. Bizim cəmiyyətimizin də sosial şəbəklərdəki vəziyyəti budur. Halbuki o şəhərin özünün davranış normaları var. Bizim isə bu sahədə xüsusi bir mexanizmimiz yoxdur. Əgər biz hər hansı bir problemi müzakirə etmək istəyiriksə, belə bir metod formalaşdıra bilərik. İlk olaraq, 10 tanış insan ilə ünsiyyətdə olub, bu məsələni müzakirəyə çıxarmaq istədiyimizi bildirə və müzakirədə kömək etmələrini xahiş edə bilərik. Yəni əvvəldən danışdığınız bu 10 nəfər müzakirədə həqiqətən iştirak etsinlər. Eyni zamanda müzakirə aparan insan özü olduqca mədəni davranış sərgiləməli, təhqiredici ifadələrdən istifadə etməməlidir.

Digər bir məsələ isə sualların qoyuluşudur. Sosial şəbəkələrdə problemi müzakirəyə çıxararkən qoyulan sualların məzmunlu olmasına diqqət edilməlidir. Yəni müzakirə aparan insanın davranışı, yazısı və ünvanladığı suallardan çox şey asılıdır. Tələsik və ciddi müzakirə aparmaq çətindir.

Cəmiyyətin bu sahədə praktikası yoxdur. Bizdə sosial şəbəkə mədəniyyəti olmalıdır ki, bu formalaşmayıb. Hər zaman qeyd etdiyimiz ictimai yerlərdə davranış qaydaları kimi bununla bağlı da işlər görülməlidir. Bu sahədə boşluq var”.

Mövzu ilə bağlı fikirlərini bildirən psixoloq Aytən Ələkbərovaya görə, bu gün cəmiyyət düzgün müzakirə aparmağı bacarmır, aqressiv yanaşma sərgiləyir:

“Təəssüf ki, bəzən insanlar müzakirə ilə mübahisə, tənqid ilə təhqir arasındakı fərqi görmürlər. Bəzən bir-birini tanımayan insanların düzgün müzakirə aparmaması onların mübahisə etməsinə, hətta cinayət törətməklərinə gətirib çıxarır. Biz buna mediada da şahid oluruq. Bəzi media qurumlarının insanları xəbərə cəlb etmək üçün qoyduğu başlıq da onların qınaq obyektinə çevrilməsinə səbəb olur. Bu gün insanlarda yaranan aqressiya şüursuz atılan addımlardan qaynaqlanır. Çünki şüurlu düşüncəsi olan insan mütaliə etmiş insan olur. Bu insanlar müzakirədə təhqirdən, mübahisədən uzaq olurlar. Bu gün cəmiyyət olaraq müzakirə etməyi bacarmırıq. Efirlərdə belə ekspertlər arasındakı müzakirənin mübahisə ilə nəticələnməsi bunun göstəricisidir. Çünki şüursuz addımlar daha asan yaddaşda qalır, nəinki şüurlu addımlar.

Şüurlu addımlar atmaq üçün daim mütaliə etməyi, ya da izlədiyin filmi elmi cəhətdən müzakirə etməyi bacarmalısan. Bu gün biz hər hansı bir evdar qadının, yaşlı bir insanın fikrinin lazımlı olmadığını deyə bilmərik. Bu belə deyil.

İnsanlarda yaranan bu aqressiyaların müxtəlif səbəbləri var. Bütün sosial şəbəkələrdə aktiv olmaq, hər mövzuya reaksiya vermək, gec saatlara qədər yuxusuz qalmaq kimi vərdişlər aqressiyanın formalaşmasına səbəb olur. Biz mütləq bu problemi həll etməyi bacarmalıyıq ki, gələcək nəsil bunları örnək alaraq səhv addım atmasın”.

Fidan Ali / Sulh.info.az