​"Səbəbini araşdırdıqda uşağın da məsuliyyətli davranmadığı məlum olur" - Sosioloq

​
14:52 09.12.2022
415 Sosial
A- A+

“Bu mövzuda məsuliyyət məsələsi də diqqətə alınmalıdır. Çünki yeniyetmələrin tapıldıqdan sonra nə işlə məşğul olduqlarını öyrəndikdə anlayırıq ki, uşaqlara  yetəri qədər məsuliyyətli olmağı aşılamamışıq”.

Sulh.info.az xəbər verir ki, bu sözləri azyaşlıların itkin düşməsi ilə əlaqədar saytımıza açıqlamasında sosioloq Lalə Mehralı bildirib:

“Məsələn, dərsdən sonra valideynə xəbərdarlıq etmədən öz yoldaşları ilə əyləncə üçün bir məkana toplaşırlar. Belə olan halda valideynin övladına görə narahat olması və hüquq mühafizə orqanlarına məlumat verməsi normaldır. Çünki həmin uşaq yetkinlik yaşına çatmayıb və həyatı təhlükə qarşısında ola bilər. Lakin tapıldıqdan sonra uşaqların valideyndən xəbərsiz bu addımı atmaqlarının səbəbini araşdırdıqda əksər hallarda uşağın da məsuliyyətli davranmadığı məlum olur.

Bəzən valideynindən küsən, istəyi yerinə yetirilmədiyi üçün valideyni cəzalandırmaqdan ötrü evdən uzaqlaşan yeniyetmələrlə də qarşılaşırıq. Bu onların yaşı üçün gözlənilən xarakterik xüsusiyyətdir. Ona görə də xüsusilə valideynlər nəzarəti gücləndirməlidir. Doğrudur, uşaqların evdə, məktəbdə nəzarət altında olmasını təmin edirik. Ancaq onlar ev və məktəbdən kənarda hazırlıqlara gedir, marşrutların hərəkət istiqaməti üzrə hərəkət etməli olurlar”.

Onun sözlərinə görə, uşaqlara nəzarət mexanizmini formalaşdırmaqdan əlavə, onların özləri ilə də danışıqlar aparılmalıdır:

“Bəzən axşam saatlarında 13-15 yaş aralığındakı yeniyetmələrin hələ də şəhərdə gəzdiyini görürük. Maraqlıdır, həmin zaman ətrafda asayişi qoruyan polislər olur ki, belə uşaqlara yaxınlaşıb, gec saatlarda niyə valideynsiz, nəzarətsiniz demirlər. Yəni nəzarət mexanizmini bu formada da gücləndirmək olar. Çünki bu gün olduqca təhlükəli dövrdə yaşayırıq. Ona görə də bu kimi hadisələrin baş verməsinin qarşısını almaq üçün öncədən addımlar atılmalıdır.

Digər bir məsələ isə qeyd etdiyim kimi, uşaqların valideynlərini cəzalandırmaqdan ötrü evdən xəbərsiz getməkləri ilə bağlıdır. Yəni bu uşaqların özləri ilə də danışıqlar aparılmalıdır. Onlara izah olunmalıdır ki, əgər valideynlə hər hansı bir anlaşılmazlıq yaşayırsansa, bu zaman valideyninlə və yaxud da müəllimlərinlə danış, bu formada nəzarətsiz hərəkət etməyin sənin həyatın üçün təhlükəli ola bilər. Yəni onun bunu dərk etməsinə çalışmaq lazımdır”.

Fidan Ali / Sulh.info.az