Bakıda mənimsəmədə təqsirləndirilən 23 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rəsul Baxşəliyev, onun müavini Zinyət İsmayılova, Afət İbrahimova və Əli Əliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
SÜLH.İNFO.az xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyili.
Zərərçəkmiş şəxs qismində Bakı şəhər Baş Səhiyyə İdarəsi tanınır.
Qeyd edək ki, 23 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkiminin iqtisadi məsələlər üzrə müavini Zinyət İsmayılovanın qanunsuz əməlləri ilə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Aparılan istintaq-əməliyyat tədbirləri ilə Zinyət İsmayılovanın 13 aprel 2021-ci il tarixədək xəstəxananın baş həkimi vəzifəsində işləmiş Rəsul Baxşəliyevlə cinayətkar əlaqəyə girərək 2015-ci ildən etibarən xəstəxanada ayrı-ayrı vəzifələrdə işləmiş tibb işçilərinin əmək stajının hesablanması yolu ilə işə gəlməmələrinə şərait yaradılması müqabilində sonuncuların əmək haqqı kartlarını özündə saxlamaqla, kart hesablarına mədaxil olunan ümumilikdə 314 min 400 manat məbləğində pul vəsaitini hər ay nağdlaşdıraraq öz aralarında bölmələrinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq zamanı vurulan maddi ziyanın 112 min manat hissəsinin dövlət büdcəsinə ödənilməsi təmin edilib.