​"Qarabağdan başlayan proses Rusiyanı parçalayacaq" - Politoloq

​
13:00 13.12.2022
358 Siyasət
A- A+

“Ekoloji terrora qarşı azərbaycanlı aktivistlərin, medianın, qht nümayəndələrinin, bloggerlərin və s. etirazları sülhməramlıların iştirakı ilə Azərbaycan resurslarının yağmalanmasına qarşı olan vətəndaş cəmiyyətinin dirəniş hərəkatıdır”.

Sulh.info.az xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında politoloq Yeganə Hacıyeva bildirib:

“Ümumiyyətlə, Azərbaycan tarixində istər rusların, istərsə də ermənilərin məhz ekoloji terrorla bağlı prosesləri həmişə baş verib. 1960-cı illərin sonlarında Sumqayıtda zavodların tikilməsinə görə, 70-ci illərdə SSRİ-yə qarşı etiraz mədəniyyəti, nəhayət, 88-ci ildə Qarabağda Topxana meşəsinin dağıdılmasına yönəlik proseslər əslində SSRİ-nin süqut etməsinin əsasını qoydu.

Tarixə nəzər salanda bu gün geniş mənada bütün dünyada ekoloji hərəkat adlandırdığımız etiraz mədəniyyətinin, onunla bağlı proseslərin əsasını da məhz Azərbaycan xalqı olaraq biz qoymuşuq. Bu da bütün dünyada məhz cəmiyyətin ekoloji terrora qarşı etirazının SSSR-i kimi bir dövləti necə parçalaması, süqut etdirməsinin uğurlu nümunəsi-təcrübəsi kimi daha sonralar müxtəlif coğrafiyalarda geniş istifadə olunub. İndi də biz bunun növbəti mərhələsini yaşayırıq. Yenə də Rusiya və Ermənistan eyni roldadır. Qarabağda ekoloji terror törədir, resurslarımızı talayır və s”.

Onun sözlərinə görə, Rusiya səhvlərindən nəticə çıxara bilmədiyi üçün proses 80-ci illərdəki kimi nəticələnəcək:

“Bu təkcə ermənilərlə bağlı mövzu deyil. Çünki ekologiyanın təbii resurslarının dağıdılması Abxaziyada, Moldovada, Qazaxıstanda da davam edir, yəni rus “sülhməramlısı”nın ayağı dəydiyi bütün ölkələrdə baş verir. Bu gün də Rusiya və Ermənistan Qarabağda bizim resurslarımızı dağıdır.

Bu proses 1988-ci ildə nə ilə nəticələnibsə, biraz o formada olsa da yenə də eyni nəticəni verəcək. Qarabağdan başlayan proses Rusiyanı parçalayacaq. Rusiya eyni prosesləri yaşayır və səhvlərdən nəticə çıxarmadığı üçün də proseslərdə eyni nəticəni əldə edəcək”.

Fidan Ali / Sulh.info.az