“Artıq iki gündür buradayıq. Azərbaycan vətəndaş cəmiyyətinin fəal üzvləri bu aksiyaya toplanıb və öz şüarlarımızı səsləndiririk”.
Bunu APA-nın Şuşaya ezam olunmuş əməkdaşına Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amil Məmmədov deyib.
O bildirib ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına göz yumulub və bu faktlar müəyyən olunub.
Amil Məmmədovun sözlərinə görə, Rusiya sülhməramlı kontingentinin komandanı ilə əldə edilmiş razılığa əsasən, yuxarıda qeyd edilən yataqlarda monitorinq keçirilməli idi, lakin oradakı bir qrup separatçı bu prosesə mane olmağa cəhd göstərib. Rusiya sülhməramlıları isə bunun qarşısını almaq üçün lazımi tədbirlər görməyib.
İctimai Şuranın sədri 30-a yaxın ekoloji yönümlü qeyri-hökumət təşkilatının Rusiya sülhməramlı kontingentinin komandanına müraciət ünvanladığını xatırladıb: “Müraciət birbaşa sülhməramlıların komandanı general-mayor Andrey Volkova ünvanlansa da, ona hələ də cavab verilməyib. Bütün fəallar dünən səhər saatlarından bura toplaşıb. Volkovun bura gəlməyini və bütün bu məsələlərlə bağlı açıqlama, cavab verməyini tələb edirik”.
O qeyd edib ki, dünən Volkovun müavini onun gələcəyi ilə bağlı söz verib: “Həmin polkovnik də gizlənir və artıq bura gəlmir. Onlar Rusiya ordusunun da, general Volkovun da nüfuzuna xələl gətirdi. Vətəndaş cəmiyyətinin üzvləri buradan çəkilmək niyyətində deyil. Volkov gələnə qədər bu aksiya davam edəcək”.
Mənbə: APA