“Ölkələrimiz arasında ən yüksək səviyyəli siyasi dialoq mövcuddur”.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının Zirvə Görüşünün yekunlarına dair mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycan və Türkiyə arasında 2021-ci ildə imzalanmış tarixi Şuşa Bəyannaməsinin imzalanması ilə münasibətlərimiz strateji müttəfiqlik səviyyəsinə yüksəlib: “Eyni zamanda, Türkmənistanla da münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsindədir. Bu gün BMT, BMT-nin müxtəlif agentlikləri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və bir sıra beynəlxalq platformalarda 3 ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq var. Bu sahədə tərəfimizdən geniş müzakirələr aparılıb. Bundan sonra da bu istiqamətdə işlərimizi davam etdirəcəyik”.
Nazir diqqətə çatdırıb ki, Azərbaycan, Türkiyə və Türkmənistan üçtərəfli formatının daha böyük potensialı var: “Tam əminliklə ifadə etmək istərdik ki, bu gün imzalanmış 5 sənəd və qəbul edilmiş birgə bəyanat iqtisadi sahədə əməkdaşlığımızın daha da inkişaf etməsinə çox böyük təkan verəcək”.
Ceyhun Bayramov deyib ki, nəqliyyat, tranzit, logistika sahələrində hər üç ölkə bizim ölkələrimiz çox böyük imkana sahibdirlər: “Bu il Azərbaycan üzərindən həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizləri vasitəsilə yükdaşımaların həcmində 80%-dək artım müşahidə edilib. Hesab edirik ki, səylərimizi birləşdirməklə bu göstəriciləri 2023-cü və sonrakı illərdə daha da artırmaq imkanımız mövcuddur. Bu istiqamətdə də vacib razılaşmalar əldə edilib”.