​Fəhlənin ölümündə təqsirləndirilən şirkət direktorundan xəbər var

​Fəhlənin ölümündə təqsirləndirilən şirkət direktorundan
09:34 13.02.2023
207 Hadisə
A- A+

“Kranpartner” MMC-nin baş direktoru Emil Paşayev barəsindəki hökmdən kassasiya şikayəti verib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən məhkum barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Şikayət hakim hakim Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası fevralın 15-nə təyin edilib.

Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə o, 5 il 1 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalındaca həbs edilib. Həmçinin 41 yaşlı E.Paşayev azadlığın məhdudlaşdırılması ilə bağlı cəzadan sonra 2 il müddətə “tikinti quraşdırma və tikinti təhülkəsizlik sahəsində rəhbər və maddi-məsul” vəzifə tutma hüququndan məhrum olunub. Bu hökmdən məhkum narazı qalıb və apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin hökmü təqsirləndirilən şəxsə cəza təyini hissəsində dəyişdirilib.

Belə ki, Emil Paşayevin 5 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının müddəti 4 il 6 ayadək endirilib. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd: 2021-ci il iyunun 19-u saat 13 radələrində Xaçmaz rayonu ərazisində yerləşən “Xaçmaz Yaşayış Kompleksi”ndə Kamran Cəfərovun təmir-tikinti işləri apararkən aldığı xəsarətlər nəticəsində ölməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, “Kranpartner” MMC-də quraşdırıcı kimi çalışan 1994-cü il təvəllüdlü Kamran Cəfərov kranın seksiyalarının quraşdırılması işlərini apararkən krandan yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Daha sonra Emil Paşayevin barəsində Cinayət Məcəlləsində 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırlatma: “Kranpartner” şirkəti kranların quraşdırılması, onlara texniki xidmətin göstərilməsi kimi fəaliyyətlərlə məşğul olur.