Daşkəsən rayonunda qətl törətməkdə təqsirləndirilən Elbrus Mehdiyevin barəsindəki hökmdən kassasiya şikayəti verilib.
Referans.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyir.
Şikayət hakim Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası fevralın 14-nə təyin edilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 2019-cu il, dekabrında baş verib.
Rayonun Bayan kəndi ərazisində naməlum kişi meyiti aşkarlanıb.
Aparılan araşdırmalarla meyitin Şəmkir rayonu, Çıraqlı qəsəbə sakini, 1962-ci il təvəllüdlü Qurban Abdullayeva aid olduğu təsdiqlənib.
Qurban Abdullayev baş nahiyəsindən odlu silahdan açılmış atəş nəticəsində öldürülüb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxs - Daşkəsən rayonunda qeydiyyatda olan, Gəncə şəhərində müxtəlif ünvanlarda yaşayan 1962-ci il təvəllüdlü Elbrus Mehdiyev həbs olunub.
İstintaq orqanı tərəfindən Elbrus Mehdiyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 326.1-ci (rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə talama, məhv etmə, zədələmə və ya gizlətmə) və 326.2-ci (dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini talama) maddələri ilə ittiham elan edilib.