Bəzi sürücülər avtomobil yollarında sürət hədlərinin müxtəlif olmasından narazıdırlar. Məsələn, paytaxtın Heydər Əliyev prospektində sürət həddi 60, 80, 100, 110 kilometr-saat kimi müəyyən edilib. Bildirilir ki, bu, zolaq dəyişmədə müəyyən problemlər yaradır.
Məsələ ilə bağlı Pravda.az-a açıqlama verən nəqliyyat üzrə ekspert Aqil Rəhimov isə deyib ki, sürətli yollarda müxtəlif zolaqlarda sürət həddinin müxtəlif olmasının böyük mənası var.
“Sürücülər özləri düzgün zolaq seçsəydilər, yəni yavaş gedəndə sağ, sürətlə gedəndə digər zolaqları seçsəydilər, heç bir problem olmazdı. İş bundadır ki, sürücülərin əksəriyyəti sürət seçimində çətinlik çəkirlər. 110 kilometr-saatlıq yolda 60-70-lə gedən sürücülər olur. Bunun qarşısını almaq üçün sürətli yollarda, məsələn aeroport yolunda, Zığ magistralında müxtəlif zolaqlarda müxtəlif sürətlər qoyulub ki, heç olmasa sürücülər buna baxıb, müvafiq zolaqları seçsinlər, yavaş sürətlə gedəndə sol zolaqları seçməsinlər. Ona görə də sürət həddinin müxtəlif olmasının vacib rolu var və lazımlıdır”, - ekspert deyib.