Bakıda keçmiş arvadını qətlə yetirməkdə ittiham olunan Arzuman Fazilov barəsindəki hökmdən apellyasiya şikayəti verib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsinə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyir.
Şikayət hakim Cavid Hüseynin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası fevralın 21-nə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Arzuman Fazilov 18 il azadlıqdan məhrum edilib.
İttihama görə, ötən ilin iyulun 15-i saat 20-də Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində 1982-ci il təvəllüdlü Vüsalə Əliyevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin keçmiş əri 1978-ci il təvəllüdlü Arzuman Fazilovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirməklə Vüsalə Əliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq orqanı tərəfindən Arzuman Fazilovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.