Bakı Apellyasiya Məhkəməsində qayınatası və qayınanasını öldürməyə cəhddə təqsirləndirilən Rövşən Tağıyev barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib
Məhkəmənin növbəti iclası fevralın 23-nə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rövşən Tağıyev 18 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırlatma: 2021-ci il sentyabrın 19-u saat 04 radələrində Nəsimi rayonu ərazisində yaşadıqları mənzildə Mütəllim Babayev və arvadı Tahirə Babayevanın müxtəlif dərəcəli yanıq xəsarətləri almaları barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla müəyyən edilib ki, şəhər sakini Rövşən Tağıyev qeyd edilən tarixdə arvadının valideynlərinin yaşadığı evə gələrək qayınatası Mütəllim Babayevin üzərinə və mənzilə benzin töküb yandırıb, nəticədə sonuncu və arvadı Tahirə Babayeva müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.
Rövşən Tağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.