​Bakıda gündəlik kirayə evlərdə qalan şəxslər arasında qanlı dava - TƏFƏRRÜAT

​Bakıda gündəlik kirayə evlərdə qalan şəxslər arasında qanlı dava
15:45 21.02.2023
243 Hadisə
A- A+

Bakının Xətai rayonunda 1969-cu il təvəllüdlü Həsən gündəlik kirayə qaldığı mənzildə Elvinə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 20 iyul 2021-ci ildə, gecə saat 03.30-da baş verib. Həsən sərxoş vəziyyətdə birlikdə kirayə yaşadığı otaq yoldaşı Elvinə bıçaqla vurub. 

İstintaq orqanı tərəfindən Həsənin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Həsən ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, bir neçə şəxslərin ümumi kirayədə yaşadığı evdə kiryədə yaşayıb və “Həzi Aslanov” metrostansiyasının qarşısında avtomobil dayanacağında avtomobillərə nəzarət edərək çorək pulu qazanıb: “Elvin də hadisədən üç gün əvvəl idi ki, mənimlə birlikdə mənzildə kirayədə qalırdı. İyulun 19-da, saat 23 radələrində işdən çıxıb evə gəldim. Qonşularla həyətdə oturub söhbət etdikdən 2 saat sonra yaşadığım evə getdim. Həmin vaxt evdə olan Elvin telefonunda yüksək səslə nəyəsə baxırdı. Elvinə dedim ki, telefonu söndürsün, hər ikisi işdən gəlib, yorğundular. Bu da Elvinin xoşuna gəlmədi. Təxminən 30 dəqiqə sonra yatmış vəziyyətdə olduğum zaman Elvin və onun yanında olan tanışları Şamo və Əhməd məni vuraraq döydülər, qabırğamı və çənəmi sındırdılar. Mən də özümü qorumaq üçün masanın üstündə olan mətbəx bıçağını götürdüm və Elvinin ayağından vurdum ki, məni döyməsinlər. Elvini bıçaqla vurandan sonra qışqırdı. Səsə kirayədə yaşayan qonşular gəldi. Elvini vurandan sonra otaqdan çıxmadım. Sonra Təcili Tibbi Yardım maşını gələrək Elvini xəstəxanaya apardı”.

Cinayət işi üzrə zərərçəkmiş Elvinin sözlərinə görə, həmin yerdə 4 ayrı-ayrı otaqlar olub və həmin otaqlarda da başqa adamlar kirayə yaşayıblar: “Mənim qaldığım otaqda Həsən də kirayədə yaşayıb. Həsən spirtli içki düşgünü olub, hər axşam evə sərxoş vəziyyətdə gəlib. Birinci və ikinci gün işdən sonra evə gəldikdə yorğun olduğum üçün çarpayıya uzanaraq yatmışam. Həsən də evə sərxoş vəziyyətdə gec gələrək öz çarpayısına uzanaraq yatıb. Həsənlə heç bir söhbət belə etməmişəm. Aramızda heç bir narazılıq belə olmayıb”. 

Zərərçəkmiş qeyd edib ki, iyulun 19-da, saat 22 radələrində işdən evə gəlib: “Evə gələrkən Həsənin çöldə evin həyətində qonşularla spirtli içki içdiyini gördüm. Yorğun olduğum üçün evə getdim, çarpayıya uzandım. Saat 23 radələrində Həsən də sərxoş vəziyyətdə evə gələrək öz çarpayısına uzandı. Gecə saat təxminən 03.30-da qarın nahiyəmdən bərk ağrı hiss etdim. Gözlərimi açdıqda Həsənin bıçaqla qarın nahiyəmdən vurduğunu gördüm. Sonra Həsən məni boğmağa başladı. Həsənin əllərini tutaraq araladım və sonuncunu özündən kənara itələyərək çarpayıdan qalxdım. Bıçağın hələ də qarnımda bataraq qaldığını gördüm. Əlim ilə bıçağı dartaraq qarnımdan çıxardaraq stolun üzərinə atdım. Qarın nahiyəmdən qan axtıdığını gördüm. Tez bayıra qaçaraq qonşu otağın qapısını döyərək köməyə adam çağırdım. Həmin vaxt Həsənin arxamca gəldiyini gördüm. Yenidən məni vuracağından qorxaraq bərkdən qışqırdım. Həmin vaxt qonşu otaqlarda kirayədə yaşayan adlarını bilmədiyi şəxslər bayıra çıxaraq məni qucaqlayaraq “qorxma-qorxma” deyə məni sakitləşdirdilər. Mən də qonşulara “qoymuyun o, məni öldürmək istəyir” dedim. Həmin şəxslərdən biri Həsənin üstünə qışqıraraq “bundan nə istəyirsən?” soruşdu. Həsən isə “o, mənim pulumu oğurlayıb” dedi. Sonra qarın nahiyəmdən həddindən artıq qan axdığı üçün huşumu itirdim. Gözlərimi açanda özümü xəstəxanada gördüm. Əməliyyat olunduğumu bildim. Hadisənin nə səbədən olmasını bilməmişəm. Həsən məni səbəbsiz yerə bıçaqla vurub”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə Həsən 8 il müddətinə azadlıqdan məhrum edilib. 

Hökmdən narazı qalan Həsən apellyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib. 

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun şikayəti təmin olunmayıb.