Hazırda Türkiyə xəstəxanalarında müalicə alan Azərbaycan vətəndaşı yoxdur.
Bunu Modern.az-a açıqlamasında Azərbaycanın Türkiyədəki Səfirliyinin mətbuat katibi Aygün Qocayeva bildirib.
"Türkiyədəki zəlzələ nəticəsində xəsarət alan və hazırda xəstəxanada müalicə alan Azərbaycan vətəndaşı yoxdur. Bununla bağlı bizə məlumat daxil olmayıb. Əvvəlcədən müalicə alanlar da evə buraxılıb",- deyə o bildirib.
Qeyd edək ki, Türkiyədə zəlzələ baş vermiş gündən etibarən 565 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən təxliyə olunub.
Aparılmış axtarış-xilasetmə tədbirləri nəticəsində bu günə qədər 10 Azərbaycan vətəndaşının zəlzələ nəticəsində həlak olduğu müəyyən edilib. Onlardan 1 nəfər Türkiyədə dəfn olunub, 9 nəfərin cənazəsi isə bütün zəruri proseduralar yerinə yetirilməklə, Türkiyədə olan yaxınlarının müşayiəti ilə Azərbaycana yola salınıb.