Ölkəmizdə həbsdə olmuş şəxslərin iş tapması onların istər maddi, istərsə də psixoloji olaraq cəmiyyətə adaptasiya olması baxımından çox vacib nüansdır. Ölkəmizdə təəssüf ki, öz cəzasını tamamlamış keçmiş məhkumların azadlıqda iş tapa bilməməsi onlar üçün böyük çətinlik yaradır.
Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu fikirlərini Referans.az saytı ilə bölüşüb. Əhməd Qəşəmoğlu məhbusların və keçmişdə həbs həyatı yaşamış şəxslərin cəmiyyətdə birmənalı şəkildə adaptasiyasının çox çətin olduğunu və bir çox iş qurumlarının onları işə götürməməsini qeyd edib.
Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu fikirlərini Referans.az saytı ilə bölüşüb. Əhməd Qəşəmoğlu məhbusların və keçmişdə həbs həyatı yaşamış şəxslərin cəmiyyətdə birmənalı şəkildə adaptasiyasının çox çətin olduğunu və bir çox iş qurumlarının onları işə götürməməsini qeyd edib.
“Sözsüz ki, heç kim həbsxanaya öz istəyindən düşmür. Heç kim istəməz ki, öz azadlığını nəyəsə görə qurban versin. Daha gənc yaşda həbsə düşən insanlar məktəbdən, təhsildən və iş fəaliyyətindən uzaq qalır. Siz düşünün ki, belə məhbuslar həm sosial fəaliyyətdən və cəmiyyətdən uzaq düşür, həm də gələcəkdə azadlığa çıxan zaman öz maddi tələbatlarını qarşılayacaq iş fəaliyyəti tapmaqda çox çətinlik çəkirlər. Bir çox özəl şirkətlər, sahibkarlıq obyektləri bu cür insanlara iş vermək istəmirlər və müxtəlif bəhanələr gətirirlər. Mən dəfələrlə bəzi qurumlara və həbsxanalara təklif etmişəm ki, sosial iş proqramları təşkil edilsin. Belə olan halda, həm məhbusların başı qarışar, həm də onlar həbs müddətlərini nisbətən səmərəli keçirərlər. Cəmiyyətdə təəssüf ki, keçmişdə həbs həyatı yaşamış insanlar iş tapmaq barədə ədalətsiz reaksiya ilə qarşı-qarşıya qalırlar. Ölkəmizdə 8 universitetdə Sosial iş fakültələri faəliyyət göstərir, bu ixtisas sahibləri bilavasitə bu cür həssas kateqoriyaya aid olan insanlarla işləməlidirlər. Bizdə bu ixtisas sadəcə universitetlərdə olsun deyə var. Bu cür sosial işçilər məhbusları gələcək həyatları üçün cəmiyyətə, iş həyatına adaptasiya etməlidilər. Azadlıqda olan hər hansı bir insan belə bir müddət öz işindən uzaq qalırsa, yenidən iş fəaliyyətinə başlamaqda çətinlik çəkirsə, biz illərlə həbsdə qalan birindən nə dərəcədə aktiv iş fəaliyyəti gözləyə bilərik? Bir çox qərb ölkələrində, hətta Rusiyada həbs edilmiş məhkumların yeni peşə və ixtisas öyrənmələri üçün geniş şərait yaradılır. Azərbaycanda düzdü, həbsxanalarda məhbusların öz asudə vaxtlarını dəyərləndirmələri üçün bəzi incəsənət fəaliyyəti baş tutur, ancaq bu daha ciddi və geniş planda edilməlidir deyə düşünürəm.”
Mövzu ilə bağlı hüquqşünas-vəkil Cavanşir Seyidov danışıb. Cavanşir Seyidov keçmiş məhbusların bir sıra dövlət qurumlarında çalışması ilə bağlı heç bir məhdudiyyətin olmadığını bildirib.
“Keçmişdə həbsə düşmüş vətəndaşlarımızın sadəcə bəlli güc strukturları xaric, dövlət qurumlarında və dövlət qulluğunda çalışması ilə bağlı qanunda heç bir məhdudiyyət yoxdur. Bu cür vətəndaşlar iş tapmaq məqsədi ilə Dövlət Məşğulluq Agentliyinə müraciət edə bilərlər. Dövlət qurumları zatən bu cür insanların cəmiyyətə adaptasiya olmalarının əsas yolunun iş fəaliyyətindən keçdiyi üçün onların iş tapmasına olduqca maraqlıdır. Misal üçün, ali təhsil almış və daha sonra həbsə düşmüş vətəndaş öz ixtisası üzrə dövlət qulluğu müsabiqəsindən keçib işə qəbul edilə bilər. Bununla bağlı heç bir məhdudiyyət yoxdur. Əgər iş verən qurum həmin vətəndaşın keçmiş məhbus olmasını bəhanə göstərərsə, o zaman hüquq-mühafizə orqanlarına müraciət etmək həmin şəxsin hüququdur”.