​Səbail RİH-dən girişi bağlanan bina ilə bağlı AÇIQLAMA

​Səbail RİH-dən girişi bağlanan bina ilə bağlı
14:39 27.02.2023
211 Ölkə
A- A+

Səbail rayonunda yerləşən "Pilot rezidense" yaşayış kompleksinin sakinləri yaşadıqları binanın həyətinə giriş olmaması ilə bağlı çətinlik yaşayırlar. Yaranan narahatlıq barədə sakinlər dəfələrlə müvafiq qurumlara şikayət ünvanlasalar da, onların harayına çatan olmayıb. Bina sakinlərinin müraciətini cavabsız qoyan qurumlardan biri də Səbail Rayon İcra Hakimiyyətidir.

Pravda.az məsələni aydınlaşdırmaq üçün Səbail RİH-in mövqeyini öyrənməyə çalışıb.

Səbail RİH tərəfindən saytımıza verilən açıqlamada bildirilib ki, sözügedən ünvanda mövcud giriş “Caspian” və “Pilot Residence” MTK-ların ümumi girişidir: “Həmin giriş hər iki MTK sakinlərinin girişi-çıxışı üçün nəzərdə tutulub. Hazırda ümumi istifadədə olan hissə ilə bağlı adıçəkilən MTK-lar arasında yaranmış mübahisə məhkəmə predmetidir…”

Qeyd etmək yerinə düşər ki, sakinlərin sözlərinə görə, pilot layihəsi 2017-ci ildə Səbail Rayon İcra Hakimiyyəti ilə razılaşdırılıb və təsdiqlənib. Hazırda vətəndaşlar hansı qapını döyürlərsə, aidiyyəti qurumlar onları Səbail RİH-ə yönəldirlər. Rayon İcra Hakimiyyəti isə sakinləri binanın təsisçisi və kompleksi idarə edən Babək İsmayılova yönəldir. Sakinlər bildirirlər ki, uzun müddətdir, Babək İsmayılovla əlaqə saxlamaq olmur, görüşlərə gəlmir, layihə yarımçıq qalıb…