Buna baxmayaraq ölkəmizdə əksər sahələrdə suya qənaət edilmir, hətta ciddi israfçılıq edilir. Belə sahələrdən biri də avtoyuma yerləridir. Belə ki, avtoyuma mərkəzlərində avtomobillərin yuyulması üçün içməli sudan istifadə edilir.
Niyə avtomobillərin yuyulmasında içməli sudan istifadə edilir?
Bu haqda "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı Referans.az-a açıqlama edib.
“Bugün avtomobil məntəqələrinin əksəriyyəti avtomobillərin yuyulmasında içməli sudan istifadə edir. Başqa mənbə və texniki su imkanları olmadığına görə onların mənbələri bizim şəbəkələrimizdir. Vaxtı ilə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə müraciət ediblər, bizim şəbəkəyə qoşularaq cihazla təmin ediliblər.”
Bəs bu israfçılığa səbəb olmur? Bunun üçün hansı tədbir görülür?
“Avtomobil məntəqələrində sudan qeyri-qanuni, sayğacsız və ya uçotsuz xətlərdən istifadə olunmaması üçün mütəmadi olaraq tərəfimizdən sayğaclara baxış keçirilir, nəzarət tədbirləri həyata keçirilir. İsrafçılıq əslində bu xətlərdədir. Amma sayğacdan keçdikdə hər kub metr 2 manat olmaqla ödəniş edilir. Mənə elə gəlir ki, 2 manat kifayət qədər normal məbləğdir və o. sahibkarın subyektidir. O nə qədər qənaət etsə, o qədər gəlir əldə edər. Ona görə də orada israfçılıqdan söhbət gedə bilməz.”
Kommunal üzrə ekspert Elçin Bayramlı da bu mövzuda açıqlama edib. O isə açıqlamasında bunun israf olduğunu bildirib.
“İçməli su sənaye müəssisələrinə, fabrikalara, avtoyumalara yönəldilir və israf edilir. Halbuki içməli suyu gətirib çıxarmaq sistemi baha başa gəlir və üstəlik əhaliyə çatmır. Əhalinin içməli su problemi olduqda belə bir israf dünyada da yolverilməzdir. Azərbaycanda texniki su sistemi qurulmayıb və bunun üçün təklif etmişik ki, Abşeron zonasında bu coğrafiyanın özünün yeraltı su mənbələri olmadığına və kənardan gələn suyun əhaliyə çatmasında problem olduğuna görə dəniz kənarında dəniz suyunun duzsuzlaşdırılması üçün zavodlar tikilməlidir. Hətta içməli su kimi də istifadə edilə bilər, lakin o nisbətən baha başa gəlir. Sadə proseslə isə texniki su səviyyəsinə gətirmək olar və avtoyumalarda, fabriklərdə texniki məqsədlə istifadə olunar. Beləliklə, içməli suya təzyiq azalar və içməli su ucuz başa gələr. Belə sistem dünyanın bir çox ölkələrində mövcuddur. Bu uzun prosesdir, amma başlamaq lazımdır ki, gələcəkdə içməli su problemi kəskinləşməsin.
Onsuz da Azərbaycanda içməli su problemi var və Qafqazda axırıncı yeri tutur. əhali sayına düşən su payı çox azdır. Ona görə də suyu texniki məqsədlər üçün istifadə etmək olmaz. Bunun üçün büdcə ayrıla bilər və regionlarda yeraltı su hövzələrindən istifadə etmək, Bakıda, dənizkənarı ərazilərdə isə su şirinləşdirici zavodar lazımdır. ”