22 oktyabrda keçirilən Ali Məhkəmədə "Gəncə işi" məhbusu Oqtay Hüseynzadəyə 19 maddə üzrə bəraət verilib.
SÜLH.İNFO.az xəbər verir ki, "Gəncə işi' ilə bağlı həbs olunmuş məhbus, Oqtay Hüseynzadənin anası Zemfira Hüseynzadə bu barədə sosial şəbəkə vasitəsilə paylaşım edib;
"CM-nin 315 və 220.1 ci maddələri üzrə cəza qüvvədə qaldı və ümumilikdə 18 il həbs cəzası alan Oqtayın cəzası 10 ilə endirildi. Bu böyük proqesdir zənnimcə.
Mən bu nəticəni ölkədəki haqsızlıq və ədalətsizliyin bərpa olunmasına dair müsbət addım kimi dəyərləndirirəm.
Üç ildir aparılan mübarizənin nəticəsi oldu bu qərar.
Oqtaya birinci instansiya və Apellyasiya məhkəməsi sübutsuz əsaslara söykənərək Cinayət Məcəlləsinin 21 maddəsi, eləcə də, qəsdən adam öldürmə, terrorçuluq və başqa maddələri üzrə 18 il həbs cəzası vermişdi, lakin Ali Məhkəmə cəzanı azaldaraq, 21 maddənin 19 maddəsinə xitam verdi.
Bu gün doğurdan da hiss etdim ki, hakimlər istəsələr sifarişsiz və ədalətli qərarlar verə bilərlər.
Ali Məhkəmənin hakimi Şahin Yusifova qanunla və ədalətlə prosesi yekunlaşdırdığı üçün təşəkkür edirəm", deyə o bildirib.
Bildiririk ki, 2018-ci ildə iyulun 3-də Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum olub. O və onun mühafizəçisi ağır yaralanıb.
Hadisə rəsmi şəxslər tərəfindən ilk öncə "kriminal hadisə" kimi xarakterizə edilsə də, sonradan hücumu törətməkdə təqsirləndirilən Yunis Səfərovun həm də "terror təşkilatları ilə əlaqəli şəxs olduğu və dövlət məmuruna qarşı terror törətdiyi" bəyan edilib.
Bundan sonra naməlum şəxslər iyulun 10-da Gəncədə aksiya keçirəcəklərini elan etmişdilər. Həmin gün iki yüksək rütbəli polis zabiti hücum nəticəsində öldürülmüş, bir nəfər isə yaralanmışdı.
Bu hadisədən sonra hüquq-mühafizə orqanları 77 nəfərə cinayət işinin açıldığını, 11 nəfərin axtarışa verildiyini, 5 nəfərin öldürüldüyünü açıqlayıb.
Baş Prokurorluq Gəncə işi ilə bağlı ümumilikdə altı qrupun - 51 nəfərin işinin məhkəməyə göndərildiyini bildirir. Onlardan biri məhkəmə prosesləri zamanı ağır xəstəlikdən vəf at edib.