​Sevgilisindən işgəncə gördüyü üçün özünü yandıran qadın DANIŞDI - “Yeganə istəyim onun cəzalanmasıdır”

​Sevgilisindən işgəncə gördüyü üçün özünü yandıran qadın DANIŞDI
15:30 23.05.2023
132 Hadisə
A- A+
Bakıda qeyri-rəsmi nikahda olduğu şəxsdən davamlı şiddət və işgəncə görən qadının özünü yandırdığını xəbər vermişdik.

5 gündür 1 saylı Şəhər klinik Xəstəxanasının yanıq şöbəsindən evə buraxılan qadın başına gələnləri Bizim.Media-ya danışıb.  

 Qadın onu ölüm həddinə çatdıran qeyri-rəsmi nikahda olduğu Anar Nəsir oğlu Məmmədzadənin cəzalanmasını istəyir: 

“2000-ci il təvəllüdlüyəm, 15 yaşında ailə qurmuşam, oğlum 8 aylıq olanda həyat yoldaşımdan ayrıldım. Narkotikə aludə olmuşdu deyə yollarımızı ayırdıq. Sonra sağalıb yenə barışmaq istədi, amma mən qəbul etmədim. İkinci dəfə ailə qurduğum insan qonşumuz olub və bir yerdə böyümüşük. Anası ilk gündən məni qəbul etmədi, atası isə müdaxilə etmirdi. Onunla 2020-ci ildə münasibətimiz başladı və 2021-ci ildən bir yerdə yaşamağa başladıq.  

2022-ci ildə 1 il, 1 ay məni atıb getdi və yenidən qayıtdı. İkinci həyat yoldaşımdır deyə bağışladım və bu ilin fevralından yenidən münasibətlərimiz davam etdi. Normal yaşayırdıq, birdən-birə hər şey dəyişdi. Dəfələrlə ondan rəsmi nikah tələb etdim. Bu gün, sabah deyib, günləri ötürdü.  

Normal ailəsi kimi davranmırdı. Oğlumun gözü qarşısında səbəbsiz yerə döyürdü, təhqir edirdi və nalayiq ifadələr səsləndirirdi. Uşaq dəfələrlə onun məni bıçaqla hədələdiyinin şahidi olurdu. Məni kənarda əxlaqsız kimi tanıtdırıb, aşağılayırdı. Övladımı evdə tək qoyub, restoranlarda qabyuyan işləyirdim. Çünki bu adam bizə baxmırdı. Dözməyə çalışırdım ki, insanların növbəti qınağına tuş gəlməyim” 

Qadın deyir ki, bir müddət aralarında soyuqluq yarandığı üçün ayrı evlərdə yaşayıblar. Amma günlərin birində kişinin kirayə qaldığı ev qısaqapanmadan yanıb.  

Anar Məmmədzadə isə evin yanmasında qadını günahlandıraraq, ölüm həddinə çatdırıb: 

“Aprelin 18-i rəfiqəmlə birgə oğlumun telefonunu yoldaşımdan götürməyə getdik. Evdə heç kim olmadığını görüb geri qayıtdıq. Biz qayıdandan sonra ev yanıb. Yoldaşım isə elə bilib ki, yanğını mən törətmişəm. Məni təhdid etməyə başladı. Sonuncu dəfə yenə fiziki təzyiqlər göstərdi, qoluma və çiynimə o qədər zərbələr endirmişdi ki, indi də izləri qalır.  

Axırda Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə yaxınlaşıb izahat yazdım və yanğının necə baş verməsi barədə ekspertiza tələb etdim.  Aprelin 22-də özümü inandırmaq üçün yanan evin sahibi ilə görüşdüm. Bir qədər sonra  yoldaşım gəldi və mübahisəmiz yarandı.

Bu dəfə uşağımı, ailəmi ağır söyüşlərlə təhqir etdi və məni əxlaqsızlıqda günahlandıraraq ölüm həddinə çatdırdı. O an beynim işləmirdi, ilk ağlıma gələn şey özümü öldürmək oldu. Yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə gedib benzin aldım. Onun gözü qarşısında üzərimə tökdüm.  

Son anda müdaxilə etdi və yaxınlıqdakı insanlarla birgə təcili tibbi yardım çağırıb xəstəxanaya göndərildim. O insan 26 gün xəstəxanada qaldığım müddətdə nə mənə baş çəkdi, nə səhhətimlə maraqlandı, nə də uşağa sahib çıxdı. Hadisə baş verəndən 3 gün sonra 6 yaşlı oğlumu qonşularım Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdiriblər. 

Çarəsiz qadının sözlərinə görə yanıq dərin olduğu üçün uzun müddət müalicə olunmalıdır: 

“İş qabiliyyətim olmadığı üçün dərmanları almaqda çətinlik çəkirəm. Yeganə tələbim məni bu vəziyyətə gətirən Anarın cəzalanmasıdır. Onun məsuliyyətə cəlb olunmasını istəyirəm. Üzüm, sinəm və bədənim yandığı üçün bu durumda uşağın qarşısına da çıxa bilmirəm. Sağalandan sonra oğlumu sığınacaqdan götürüb həyatımıza davam edəcəyəm. Çünki sentyabrda oğlum 1-ci sinfə getməlidir”.