​Azərbaycan xalqının tarixi Qələbəsi

​Azərbaycan xalqının tarixi Qələbəsi
09:10 06.11.2024
147 Qarabağ
A- A+

“Mən işğal dövründə deyirdim, bir neçə dəfə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq.” – Prezident cənab İlham Əliyev

Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi.

Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik.

 Son 50 ilin müharibələr tarixinə fikir versək görərik ki, başlanılan bir çox hərbi əməliyyatlar münaqişələrin sonlanmasına deyil, daha da alovlanmasına gətirib çıxarıb. Amma cəmi 44 gün davam edən Vətən müharibəsi nəinki ərazilərimizin azad edilməsinə, eyni zamanda, işğalçılığa son qoyulmasına, eləcə də 30 ilə yaxın davam edən münaqişənin həllinə gətirib çıxarıb. Bu baxımdan Azərbaycan xalqının bu qələbəsi fövqəladə tarixi əhəmiyyətə malikdir. Bunu təkcə dostlarımız deyil, hətta bizim uğurlarımıza qısqanclıqla yanaşanlar da etiraf edirlər.

İşğalçı Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan, 44 gün davam edən və Azərbaycanın tam Qələbəsi ilə nəticələnən Vətən müharibəsinin əhəmiyyəti, mahiyyəti və nəticələri uzun illər təhlil ediləcək, bu Qələbənin şanına dastanlar, romanlar və elmi əsərlər yazılacaq.

Buna da tam haqqımız var. Azərbaycan xalqının birliyi, Müzəffər Ali Baş Komandanın dəmir iradəsi, sarsılmaz qətiyyəti, Şanlı Ordumuzun qüdrəti və qəlbi Vətən eşqi ilə dolub-daşan hərbçilərin, eləcə də hər bir azərbaycanlının monolit birliyi sayəsində Azərbaycan xalqı zəfər qazandı.

Tarixi Qələbəmizdən danışarkən bir sıra aspektləri, bir sıra mühüm amilləri nəzərdən qaçırmaq olmaz. Qələbəmizin tarixi əhəmiyyəti və xalqımızın taleyində böyük rolu bütün bu şanlı Zəfərin nəticələri bütün istiqamətlər üzrə təbii olaraq araşdırılacaq, təhlil ediləcək. Eyni zamanda, əminliklə qeyd etmək istəyirəm ki, bu Qələbə ölkəmizin gələcək inkişafına, daha da qüdrətlənməsinə, çiçəklənməsinə, vətəndaşlarımızın rifah halının daha da yüksəlməsinə də əvəzsiz töhfələr verəcəkdir.

Böyük Qələbənin əhəmiyyətindən danışarkən ilk və xüsusi olaraq onu qeyd etməliyik ki, Kürəkçay müqaviləsindən keçən son 200 illik tariximizdə Prezident İlham Əliyev yeganə şəxsiyyət, ilk liderdir ki, itirilmiş, düşmən tərəfindən işğal olunmuş ərazilərin azad edilməsinə və Xalqa qaytarılmasına nail oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz qətiyyəti, dəmir iradəsi, yeritdiyi güclü daxili və xarici siyasət, Prezident kimi 17 illik fəaliyyəti dövründə qəbul etdiyi qərarlar, atdığı addımlar, sərgilədiyi diplomatik gedişlər qazandığımız qələbənin baş tutmasında ən önəmli amil olub. Qələbəmizi istəməyən, uğurlarımıza qısqanclıqla yanaşan, düşmən mövqedə olan və düşmənə, işğalçıya açıq-aşkar dəstək verən bu qədər qüvvə qarşısında mətin iradə, yenilməz qətiyyət, dönməzlik nümayiş etdirən, Dövlətimizin, Xalqımızın maraqlarının müdafiəsindən bir addım da geri çəkilməyən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin diplomatik uğurlarını, siyasi müstəqilliyini, şəxsi qəhrəmanlığını, mətinliyini, yüksək intellektual səviyyəsini, dərrakəsini xüsusi qürurla, fəxrlə qeyd etmək istərdim. Çünki məhz onun bu müsbət keyfiyyətləri xalqımızın, dövlətimizin başçısının, Prezidentimizin, Müzəffər Ali Baş Komandanımızın, Şanlı Ordumuzun, eləcə də dünyada yaşayan hər bir azərbaycanlının Qələbə, Zəfər sevinci yaşamasının əsas amillərindən oldu.

Vətən müharibəsində Böyük Qələbəmizdən yazarkən qeyd edilməsi vacib olan amillərdən biri də ulu öndər Heydər Əliyevin təməlini qoyduğu ordu quruculuğu siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən yeni dövrün tələbləri səviyyəsində inamla, uğurla davam edilməsidir. Prezident İlham Əliyevin son illərdə qəbul etdiyi qərarlar, atdığı inamlı addımlar qüdrətli ordu yaratmaq istiqamətində gərək olan bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin edib. Dövlət başçısı tərəfindən prioritet elan edilən ordu quruculuğu sayəsində ərsəyə gələn nizami Azərbaycan Ordusu dövlətçiliyimizin qarantı olmaqla yanaşı, ölkəmizin dünya miqyasında maraq və mənafeyinin, milli təhlükəsizliyinin lazımi səviyyədə qorunmasını, həmçinin müstəqil siyasət yeritməsini təmin etməyə imkan yaradıb. Həmçinin qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində maddi-sosial və texniki cəhətdən hərtərəfli təchiz olunan, ən müasir silahlarla silahlanmış, dünyanın 50 ən güclü orduları sırasında özünə layiqli yer tutan Azərbaycan Ordusu ərsəyə gəlib. Keyfiyyətli təşkil edilən, səmərəli keçirilən təlimlərdə təcrübə toplayan, peşəkarlığını yüksəldən müasir Ordu, döyüş əməliyyatlarının səriştəli, düzgün, eyni zamanda, hərbin bütün qanunlarına uyğun olaraq planlaşdırması, həyata keçirilməsi və hərtərəfli, planlı şəkildə hazırlıq ölkəmizin döyüş meydanında qələbə qazanmasını səciyyələndirən faktorlardır. Məhz sadaladığımız bu müsbət xüsusiyyətlərin nəticəsi olaraq düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı. Vətən müharibəsinin ilk günlərindən taktiki üstünlüyü ələ alan Azərbaycan Ordusunun qəlbi vətən eşqi ilə döyünən şəxsi heyəti hər gün yaşayış məntəqələrimizi, strateji yüksəklikləri azad etməklə daha bir uğura, yeni qələbəyə imza atmaqla növbəti günlərdə düşmən üzərində tam üstünlüyə nail oldu. Bununla da şanlı Ordumuz Zəfər Gününün sevincini yaşamağı və haqq-ədalətin bərpasını bizlərə nəsib etdi. Bacarıqlı, təcrübəli komandanlıq altında idarə edilən döyüşlərə atılan cəsur hərbçilərimiz düşmənin illərlə hazırladığı eşelonlaşdırılmış müdafiə xəttini qısa müddətdə yararaq irəliləməyə başladı. Döyüş meydanından vahimə içində qaçan düşmənin yüzlərlə müxtəlif döyüş texnikası, silah-sursatı məhv edildi və qənimət kimi ələ keçirildi. Həm canlı qüvvə, həm də döyüş texnikası sardan böyük itkilərə məruz qalan Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı.

Ancaq bu da danılmaz faktdır ki, Ordu nə qədər güclü, müasir, dəqiq və böyük dağıdıcı gücə malik silahlarla silahlansa da döyüş meydanında sön sözü deyən yenə də insan faktoru, döyüşə atılan insanların Vətən sevgisi və inandığı amal uğrunda gözünü qırpmadan canından keçməyə hazır olmasıdır. Bu mənada Vətən müharibəsində Zəfər qazanmağımızda böyük rolu olan amillərdən biri də Azərbaycan əsgər və zabitlərinin peşəkarlığı, yüksək mənəvi keyfiyyətləri, cəsurluğu, vətənpərvərliyi, inamı, şəxsi rəşadətləri, qələbə əzmi, döyüş əhval-ruhiyyəsidir. Sözün həqiqi mənasında döyüş meydanında yeni tarix yazan Azərbaycan Ordusunun hərbi qulluqçularının göstərdiyi qəhrəmanlıq, şəxsi rəşadət, igidlik, qanı və canı bahasına bu qələbənin əldə olunmasını təmin etməsi hər birimizə qürurverici anlar yaşatdı, qəlbimizi fərəhlə doldurdu.

Bu Şanlı Qələbənin daha bir xüsusiyyəti odur ki, Xalq öz Ordusunun Komandanını, Prezidentini daha da yaxından tanıdı, Müzəffər Ali Baş Komandan isə xalqın böyüklüyünün və gözəl xüsusiyyətlərinin bir daha şahidi oldu. Xalq dövlətimizin başçısının necə iradəli, qətiyyətli, əzmkar, verdiyi sözü tutan şəxsiyyət olduğuna bir daha əmin olmaqla yanaşı, onun ən yüksək keyfiyyətlərə məxsus vətəndaş, vətənpərvər Ali Baş Komandan, Xalqımızın, Ordumuzun hər qələbəsinə bütün səmimiyyəti ilə ürəkdən sevinən, bu qələbələri böyük coşqu ilə alqışlayan necə sadə bir insan olduğunun da şahidi oldu.

Yaşasın Müzəffər Ali Baş Komandan! Yaşasın Azərbaycan Ordusu! Azərbaycan xalqına Eşq olsun! Qarabağ Azərbaycandır!

Akif RƏFİYEV

Qarabağ müharibəsi veteranı, Ədliyyə general-mayoru, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Binəqədi rayon Ağsaqqallar Şurasının sədri