Bu şikayətlə “Qafqazinfo”ya Məhəmməd Quliyev müraciət edib.
Valideyn iddia edir ki, aprelin 30-da 9-cu siniflər üçün baş tutan buraxılış imtahanında Azərbaycan dili fənnindən təqdim olunan 38-ci sual tamamilə səhv qoyulub. Şagirdin atası deyir ki, 2008-ci il təvəllüdlü oğlu Fariz Quliyev həmin sualın cavabını doğru bildiyini düşünsə də, cavablar açıqlanarkən səhv olduğu qeyd edilib: “Oğlum bütün suallara doğru cavab verib. Savadlı uşaqdır. Bir çox uğurları da var. 38-ci sualın da cavabını düzgün seçib. Lakin təxminən 4 gün öncə doğru cavablar açıqlanarkən həmin sualın cavabını səhv kimi qeyd ediblər”.
Sözügedən sual belədir:
M.Quliyev bildirir ki, həmin sual daha əvvəlki tarixlərdə baş tutan imtahanlarda da təqdim olunub. Lakin başqa nömrəli sual kimi və cavab variantları da dəyişdirilmək şərti ilə: “Yutubda bir video qoyulmuşdu və orada müəllim bütün sualların doğru cavablarını izahlı şəkildə göstərir. Həmin bu sual da orada 7-ci olaraq təqdim olunmuşdu. Cavabı seçərkən müəllim özü də tərəddüd edir. Onun doğru cavab kimi götürdüyü əslində düzgün deyil. Yəni sualda iki çoxmənalı sözün olduğu cümləni tapmaq tələb olunur, lakin müəllimin seçdiyi cümlədə 3 çoxmənalı söz var. Müəllim doğru cavab variantı kimi “Kəndin ayağından başına qədər enli yol var idi” cümləsini seçib. Oğlum isə “Şəhərin mərkəzində mənzilimiz var” variantını seçib. Çünki burada tapşırıqda da tələb olunduğu kimi iki çoxmənalı söz var”.
Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinə sorğu ünvanladıq. Qurumun mətbuat katibi Xanlar Xanlarzadə müraciətimizə belə cavab verdi: “30 aprel 2023-cü il tarixində ümumi orta təhsil (9 illik) səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanında Azərbaycan dili fənni üzrə istifadə olunmuş test tapşırıqları ümumtəhsil məktəblərində tədris olunan fənlər üzrə dərsliklər və Dövlət İmtahan Mərkəzinin nəşr etdirdiyi “Abituriyent” jurnalında dərc olunmuş proqram əsasında hazırlanıb. Qeyd olunan test tapşırığı Leksika bölməsinə aiddir və burada iki çoxmənalı sözün işləndiyi nümunəni müəyyən etmək tələb olunur. Test tapşırığının yalnız bir bəndində verilən cümlədə iki söz məcazi mənada işlənərək çoxmənalılıq yaradıb. Bu da tapşırığın doğru cavabıdır. Tapşırıqda hər hansı elmi-metodiki yanlışlıq yoxdur”.