Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, onlardan 1009 şagirdin 1144 tapşırıq (bu istiqamət üzrə bütün yazı işlərinin 0,09%-i) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib. 1144 düzəliş edilmə halından 195-i şagirdin bir tapşırığa aid yazı işini başqa tapşırıq üçün ayrılmış hissəyə yazması ilə bağlıdır. Bundan əlavə, Apellyasiya Komissiyasının qərarı ilə riyaziyyat fənni üzrə 81 nömrəli tapşırığın qiymətləndirmə meyarının "E" bəndi "0.33" ballıq qrupdan "0.67" ballıq qrupa keçirilib və yazı işi bu hala uyğun olan şagirdlərin nəticələrində müvafiq dəyişiklik edilib.
Şagirdlərin nəzərinə çatdırırıq ki, qeyd olunan dəyişikliklər artıq onların imtahan nəticələri ilə əlaqədar yaradılmış səhifələrində öz əksini tapıb. Ona görə də şagirdlərə səhifələrinə daxil olaraq apellyasiyanın nəticələri ilə tanış olmaq tövsiyə olunur.
Qeyd edək ki, imtahanda 50 mindən çox şagird iştirak edib və bu şagirdlər ümumilikdə 1 milyon 200 mindən çox yazı işi yerinə yetirib.