Bu barədə “Kommersant” qəzeti diplomatik mənbələrə istinadən yazıb.
Nəşrin yazdığına görə, sənədlərdən biri Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın 2020-ci ilin noyabrından bəri beşinci üçtərəfli bəyanatı olacaq, ikinci sənəddə isə
Cənubi Qafqazda kommunikasiya xətlərinin açılmasına toxunulacaq.
“Mayın 23-də Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinləri Şahin Mustafayev, Mher Qriqoryan və Aleksey Overçukun rəhbərlik etdiyi üçtərəfli işçi qrupu Rusiya paytaxtında toplaşıb. Onlar regionda iqtisadi-nəqliyyat əlaqələri prosesini yerindən “tərpətmək” üçün daha bir cəhd ediblər. Sammitin nəticəsi olaraq Moskvada ümid edilir ki, ən azı iki sənəd qəbul edilməlidir”, - nəşr yazır.
“Kommersant” bildirir ki, son iki gündə Ermənistan, Rusiya və Azərbaycan nümayəndə heyətləri fəal danışıqlara cəlb olunub: “Görüş öncəsi koordinasiya mayın 24-də bütün gün davam edib. Biri Baş nazirin müavinləri tərəfindən hazırlanıb - nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması haqqında. Digəri - Əliyev, Paşinyan və Putinin beşinci birgə bəyanatı üç ölkənin xarici işlər nazirlikləri tərəfindən cilalanıb”.