Ağdaş şəhər sakini Elsəvər Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı 10 EK 970 dövlət nömrə nişanlı avtomobillə evdən çıxaraq geri qayıtmaması faktı əsasında Baş Prokurorluqda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaqın aparılması Ağdaş Rayon Prokurorluğuna tapşırılıb.
Keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Elsevər Məmmədovun Şamaxı rayon sakinləri Oqtay Mürsəlov və Vasif Soltanov tərəfindən qətlə yetirildiyi müəyyən edilib.
Araşdırmalarla həmçinin o da müəyyən edilib ki, rayonda diş həkimi işləyən Elsevər Məmmədov tanışı Oqtay Mürsəlovun vasitəsilə ayrı-ayrı şəxsləri işə düzəltmək üçün sonuncuya 2012-ci ilin oktyabr ayında İsmayıllı rayonunda 7.500 manat pul verib.
Bir müddət sonra yenidən Oqtay Mürsəlovla görüşüb işin nə yerdə olması haqda maraqlanıb. Sonuncu cavabında işlərin artıq yekunlaşdığını bildirib.
Dekabrın 3-də saat 16.00 radələrində Oqtayla Vasif Elsevərlə görüşüb ona maşınını avtotəmir sexinin qarşısında qoyub birlikdə Pirquluya yeyib-içməyə getməyi təklif edirlər. Elsevər Oqtayın maşının sağ qabaq oturacağında, Vasif arxa oturacaqda əyləşib. Çuxuryurd kəndi ərazisinə çatanda Vasif əvvəlcədən özü ilə götürdüyü nazik trosu Elsevərin boynuna salıb boğmağa başalayıb. Oqtay isə Elsevərin sinəsinə yumruqla zərbələr endirib.
Məmmədovu öldürdükdən sonra onlar meyiti rayonun Avaxıl kəndinə yaxın olan Daş Arxaz deyilən yerdə basdırmaq qərarına gəliblər. Lakin həmin yerə "UAZ" markalı avtomobillə getmək mümkün idi. Buna görə də Oqtay qardaşına zəng edərək ona "UAZ" avtomobili lazım olduğunu deyib. Guya ova gedirlər.
"UAZ" markalı avtomobil gələndən sonra Oqtay və Vasif Elsevərin meyitini və iki ədəd beli həmin maşına qoyub dəniz səviyyəsindən 3 min metr yüksəklikdə olan Muxtökən dağ silsiləsininin Daşlı Arxas deyilən yerinə gətirib orada basdırıblar.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 120.2.1, 120.2.5, 120.2.6-cı (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən, tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə, başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə), 177.2.1, 177.2.2-ci (oğurluq), 178.3.2-ci (dələduzluq), 185.2.1, 185.2.2-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 326.1-ci (rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə oğurlama, məhv etmə, zədələmə və ya gizlətmə) maddələri ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onların hər biri 14 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Hökmdən təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər.
Sumqayıt Apelyasiya Məhkəməsi təqsirləndirilən şəxslərin ittiham olunduqları Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələrini sübuta yetirilməmiş hesab ediblər və həmin maddələr üzrə təqsirləndirilən şəxslərə bəraət verilib. Onlara həmin maddələrlə bəraət verilsə də, qətl ittihamı üzrə məhkum olunublar və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməyib.
Bu qərardan təqsirləndirilənlər şəxslər Ali Məhkləməyə müraciət ediblər. Onlar kassasiya şikayətlərində cəzalarının yüngülləşdirilməsini istəyiblər.
Hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin kassasiya şikayəti üzrə qərar elan edilib. Kassasiya şikayəti qismən təmin edilib.
Hər iki təqsirləndirilən şəxsə təyin edilmiş 14 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 14 il 5 aya endirilib. Hökm qalan hissədə dəyişdirilməyib./olke.az