Bununla bağlı oxu.az-a Saatlı sakini, döyülən T.Məmmədovanın qardaşı məlumat verib. O qeyd edib ki, bacısı Yardımlı rayonundan Saatlıya gəlin köçüb:
“Bacımın hazırda bir azyaşlı qızı var, ikinci uşağa hamilədir. Bətnindəki körpəsi bir aylıqdır. Ailəsi ilə bundan öncə də dəfələrlə problem yaşayıb. Məişət məsələlərinin üstündə zorakılıq görüb. Oğlanın ailəsi təhsilsizdir, üç ildir ailəlidirlər, indiyə qədər telefon işlətməsinə icazə vermirlər.
Dəfələrlə bildirmişəm, bizimlə əlaqə qurması üçün telefon lazım olduğunu qeyd etmişəm. Amma onlar qətiyyətlə deyiblər ki, qadın telefon işlədə bilməz. Bacımı da bizimlə əlaqə saxlamaq, anamla danışmaq istəməyinin üstündə döyüblər.
Bacımın əri müharibə iştirakçısıdır. Amma heç bir problemi olmayıb. Kontuziyası yoxdur, yəni səbəb bu məsələlər deyil. Bundan öncə bacımı döydükləri zaman mənə məlumat verən kimi yanına getdim.
Çatana qədər evinə polis göndərmişdim. Amma mən oraya gedənə qədər bacımı qorxutmuşdular, təhdid etmişdilər, nə demişdilərsə, o, polisə şikayət etməmişdi. Əri bizdən də üzr istədi, azyaşlı qızına görə bağışlamağımızı xahiş etdi. O zaman dözdük, bacım ayrılmadı.
Bu dəfə isə yenə döyüblər. Yenə evlərinə daxil olmadan əvvəl polisə məlumat verdim, gözlədim. Amma polis gəlmədi. Məcbur olub, bacımı götürüb Bakıya, xəstəxanaya gətirdim. Qızı körpə olduğundan o da anası ilə birlikdədir.
Bacımı təkcə əri deyil, qaynı, qayınanası da döyürdülər. Onlar üçün bu adi haldır, düşünürlər ki, qadın döyülməlidir. Bacımın müayinələri yekunlaşsın, boşanma tələbi ilə müraciət edəcək. Hələlik həkim nəzarətindədir, körpəsinin həyatda qalıb-qalmadığını müəyyənləşdirməyə çalışırlar”.