138 gün ərzində onlarla vətəndaşımız yolda Vətənin daşına dönərək kəs olmayan kəsəklərin qarşısını aldılar. Onlar Ermənistandan Xankəndinə silah-sursat, əks istiqamətdə də erməni separatçıların yurdumuzun talan etdikləri təbii sərvətlərini daşımasına imkan vermədilər.
Sözün əsl mənasında, bütün dünya bu aksiyadan agah oldu və anladı ki, rusiyalı sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan erməniləri girov saxlayan terrorçu xuntanın qarşısını dinc piketlə almaq mümkündür.
Aksiya iştirakçıları yolu bağlamamışdılar - separatçıların radikalizm və aqressiya kitabını bağlamışdılar.
Amma bütün yaxşı işlərdə olduğu kimi, bu olayın da kölgələrində daldalanmaq, faydalanmaq istəyənlər olmalı idi, oldu da.
Həmin adamlar aksiyanı fürsət bilərək maraqlarını təmin etməyə çalışanlar, vətəndaşlığı Vətənin daşını evinin hasarına daşımaq istəyənlər idilər.
Cəmi bir gün və ya bir neçə saat aksiyaya qatılan, dərhal kameralar qarşısına keçərək "Mən də buradayam, unutmayın, nəzər alın" ismarıcı verənlər barədə hələ aylar əvvəl demişdim, yazmışdım və xəbərdarlıq etmişdim ki, bu insanlar mütləq sonradan səslərini qaldıracaq, Yurd davasını mədə davasına çevirməyə çalışacaqlar.
Səd heyf ki, belə də oldu - əslində, hadisələrin fərqli məcrada cərəyanı mümkün də deyildi.
İndi həmin adamlar Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin keçirdiyi qrant müsabiqəsinin nəticələrindən narazılıq edirlər.
Ol şəxslər Bakıda Prezident Administrasiyası önündə toplaşaraq "etiraz"larını bildiriblər. Onların yarısı dövlət büdcəsindən qrant qismində ayrılmış vəsaitin azlığından, yerdə qalanı isə qrant almadıqlarından narazılıq ediblər.
Deyirlər ki, bəs Laçın-Xankəndi yolunda keçirilən, yolun o başında yeni Azərbaycan gömrük-keçid məntəqəsi tərəfindən ixtisar edilməsindən sonra başa çatan etiraz aksiyasında iştirak ediblər.
"Ermənilərin və rusların qarşısında durduq!" deyərək özlərini xəyallarında az qala Şuşa fatehləri, qazilər, ən "minimal" halda isə 44 günlük Vətən Müharibəsinin iştirakçıları hesab edən bu adamların narazılığının bəsit adı var: PUL DAVASI.
Bakıdakı "izhari-etiraz"da onların dedikləri də absurd təsiri bağışlayıb.
Qrant müsabiqəsi ilə Laçın-Xankəndi yolundakı dinc aksiya arasında heç bir əlaqə olmasa da, pul davası döyənlər həmin aksiyada "fəal iştirak" edərək dövlətə və millətə göstərdikləri sədaqətə görə mükafatlandırılmalı olduqlarını uca səslə deyiblər.
Məsələn, etirazçılardan biri - "Əsgər Ailələrinə Dəstək İctimai Birliyi"nin sədri Mətanət Əsgərqızı ərz edib ki, bəs onun təşkilatına Qarabağın əsas şəhəri olan Şuşa mövzusunda rəsm müsabiqəsi üçün cəmi 8000 manat ayrılmasından üzüldüyünü bildirib.
Mətanət Əsgərqızı həmin layihə çərçivəsində nə etməyi düşünürdü ki? Olmaya Şuşada dünyaca məşhur Benksinin strit-art əsərləri nümayiş olunacaqdı? Yoxsa Əsgərqızı şəhərə Andrea Kouçu, Piter Doyqu, Antonio Finellini, Helen Flokhartı və ya Voysex Babskini dəvət edəcəkdi?
Xeyr. Mətanət Əsgərqızı ən yaxşı halda uşaqların, yeniyetmələrin və ya gənclərin çəkəcəkləri rəsmləri aparacaq Şuşaya, orada kiçik sərgi təşkil edəcək, çoxlu fotolar çəkdirəcək, sonra həmin fotoları çeşidli xəbər saytlarına yollayacaq. Ki, baxın, görün nə möhtəşəm işlər görürəm.
"Oraya ilk gedən biz olduq. Həftələrlə ruslarla, ermənilərlə üz-üzə olduq. İndi deyirlər ki, "utanmırsan ki, Şuşada olduğunu qeyd edirsən". Demirəm ki, sırf Şuşada olduğum üçün mənə 20 min manat verilsin, sadəcə olaraq, düşünürəm - həmişə dövlətinin yanında olan bu insanlara niyə etinasızlıq göstərilsin?", - M.Əsgərqızı deyib.
Başqa bir QHT rəhbəri, Laçın-Xankəndi yolundakı aksiyanın ilk günlərində əlindəki göyərçinlə sosial şəbəkələrdə memə və ironiya obyektinə çevrilən Tahirə Məmmədova da təşkilatına ayrılmış qrantın məbləğindən narazıdır.
"Layihəmiz üçün 15 min manat söz veriblər, ayırmayıblar. Şuşa şəhidindən bəhs edən filmə isə cəmi 6 min manat ayırıblar. Bu 6 min manat mənim üçün təhqir kimidir", - T.Məmmədova söyləyib.
İddianın merkantilliyi o həddədir ki, xanım şəhidlərin əziz xatirəsini yaşatmağın hər birimizin borcu olduğunun fərqinə varmaraq büdcə çəkişməsinə qapılır.
Dava pul davası olduğundan bəzi məqamları anlamaq əsla çətin deyil. Belə ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin keçirdiyi qrant müsabiqəsinin sonuclarına nəzər salsaq, maliyyə vəsaiti ayrılmayan və ya vəsaitin "gözlənti"dən az olduğu layihələrin keyfiyyətinin yüksə olması şübhəlidir. Bundan başqa, Laçın-Xankəndi yolundakı dinc aksiyana qatılmağın qrant müsabiqəsində iştirak və ələlxüsus da hansısa üstünlüklər, yaxud imtiyalazlarla əlaqələrdirilməsi ciddi suallar yaradır.
Həmin dinc aksiyanın təşkilatçısı Agentlik olmayıb - proses könüllü idi.
Və aksiya iştirakçıları total əksəriyyəti sonradan qrant istəyində olmayıblar, belə fikir ağıllarından da keçməyib.
Ən başlıcası isə qrant hədiyyə deyil, qrant layihə proqramında göstərilən fəaliyyətlərin icrası üçün verilir.
Agentlik mənsublarının dediklərinə görə, müsabiqəyə təqdim edilmiş layihələrin bir çoxunun keyfiyyəti, xüsusilə yazılış səviyyəsi aşağı olub.
İndi pul davası döyənlərsə anlamaq istəmirlər ki, müsabiqəyə qatılmaq orada mütləq qalib gəlməyi ehtiva etmir.
Sonuclardan narazılıq varsa, bunu Agenliyə müraciət edərək müzakirələr və araşdırmalarla çözmək olardı: küçəyə çıxıb aksiya keçirməksə bəhs etdiyim kimi, əsl pul davasını xatırladır.
Etirazçıların "biz Laçın-Xankəndi yolundakı aksiyada iştirak etdik" sözlərini əlahiddə şəst və aplobmla demələrinə gəldikdə isə, onlara bir daha anladım: aksiya dinc nümayiş idi. İndi şikayətlənənlər də nə döyüşlərdə iştirak etməyiblər, nə Şuşanı və ya Laçını erməni işğalçılarından xilas etməyiblər.
Sadəcə və sadəcə, dinc aksiyada qısamüddətli iştirak ediblər, vəssəlam.
Di gəl, səsləri o qədər "gur" çıxıb ki, Sevinc Osmanqızına, "Meydan TV"yə və bu kimi psevdobloqerlərlə saxta mediaresurslara çatıb, onlar da Laçın-Xankəndi yolunda keçirilmiş, 138 gün davam etmiş möhtəşəm aksiyanı öz əxlaqları və düşüncələri səviyyəsində yenidən "müzakirə" ediblər.
Vətən davasını pul davasına çevirmək, manipulyasiyalar etmək fikrinə düşmək heç yaxşı iş deyil.
Bunu edənlər əməllərindən xəcalət çəkirlərmi?/Trend