​Müəllimlərin yaş həddi ilə bağlı MÜHÜM XƏBƏR

​Müəllimlərin yaş həddi ilə bağlı
12:37 02.06.2023
735 Sosial
A- A+
Son günlər aktual olan mövzulardan biri də müəllimlərin çalışma yaş həddi ilə bağlıdır.

Belə ki, Milli Məclisdə müzakirə zamanı millət vəkili Musa Quliyev bir neçə il əvvəl Əmək Məcəlləsinə edilən dəyişikliklə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanlar üçün son yaş həddi 65 müəyyən edildiyini deyib:

“Son zamanlar isə sosial, səhiyyə, təhsil sahəsində yaşı 65-ə çatanların işdən çıxarılması kütləvi hal alıb. Təklif edirəm çalışmanın son həddi 65 yaşdan 70 yaşa qaldırılsın”.

Digər millət vəkili Sabir Rüstəmxanlı isə 65 yaşına çatmış müəllimlərlə müqavilələrin artırılması qaydasının əleyhinə olduğunu deyib:

"65 və ya 75 yaşda iş fəaliyyəti bitməlidirsə, bitməlidir. Yoxsa, kimlərsə tanışlarının müqavilələrini artıra bilir. Biz bu halları çox müşahidə etmişik. Müəllimi alçaldan proseslərdən azad olmalıyıq. Müəllimin hörmətini aşağı salmaq olmaz". 

Ölkədə 4500-ə (dövlət və özəl birlikdə) qədər ümumi təhsil müəssisəsində 89 600 sinif kompleksində 1 600 000-dən çox şagirdlə 152 000-ə qədər müəllim çalışır. Vakansiyaya çıxarılan 10 000-ə qədər vakant yerə 60 000-ə qədər namizəd sənəd verir. Qeyd edək ki, pensiya yaşı tamam olan müəllimlərin bir qismi hələ də fəaliyyətini davam etdirmək istəyirlər.

Belə olduğu təqdirdə müəllimlərin yaş həddinin daha da artırılmasına ehtiyac varmı? 

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova “Cümhuriyət”ə bildirib ki, pedoqoji fəaliyyətlə məşğul olanda yaş həddi xüsusi hallarda artırılır: 

“Bəzən olur ki, xüsusilə rus dili bölməsində 65 yaşı tamam olan biologiya müəllimini əvəzləyəcək kadr tapılnır. Yaxud bir müəllim ibtidai sinifdə müəyyən bir mərhələyə qədər uşaqları gətirib, pensiya  yaşının tamam olmasına bir il qalıb. Burada millət vəkilnin əlində müqavilənin tanışlıqla uzadılmasına dair fakt varsa, onu təqdim etsin. Ümumi demək olar ki, ölkədə korrupsiya var. Ancaq bu elementlər faktla təsdiqlənməlidir. 65 yaşla da bağlı kütləvi şəkildə müqavilə uzadılmır.

Əgər kütləvi şəkildə müqavilə uzadılsa o zaman demək olar ki, direktor bundan istifadə edir. Əgər müəllimlərin səhhəti, pedoqoji qabiliyyəti imkan yaradırsa, əlavə bir neçə il çalışmasına şərait yaradılmalıdır. Burada da qanunvericiliyin humanizm prinsipi əsas götürülüb. Yoxsa yaş həddinin çoxaldılıb- çoxaldılmaması ancaq Elm və Təhsil Nazirliyi ilə birlikdə müzakirə oluna bilər. Yəqin ki, onların da əlində bununla bağlı səbəblər var.

Yeni gələn gənc nəsillə bağlı da yenilənmə olmalıdır. Ancaq bu, o demək deyil ki, köhnə pedaqoqlardan imtina etmək lazımdır. Məsələn, mənim övladımın təhsil aldığı sinifdə kimyadan rus bölməsində dərs deyən müəllimi əvəzləyəcək müəllim tapmaq çox çətindir. Bilik və bacarıq, təcrübə də lazımdır”. 

G.Səfərova müqavilənin uzadılması üçün elə bir problem görmür:

“Bunun üçün direktorla yaxşı münasibətin olub-olmaması rol oynamır. Müəllimi əvəzləyəcək yaxşı pedoqoq olsa, əvəzlənər. Qeyd etdiyim kimi, müəllim 3 il ibtidai sinifdə tədris verirsə, sonuncu il onu çıxarmaq da doğru olmur. Bunu qaydaya salmaq üçün nazirlik sertifikasiya məsələsini gündəmə gətirib.

Sertifikasiya pedoqoji fəaliyyətlə məşğul olacaq insanların üzə çıxarılması və təhsilin daha da şəffaflaşdırılmasına imkan verəcək. Millət vəkilləri də təklif verirlər. Ancaq bir tərəfdən danışırıq ki, gənclərin işsizliyi var. Digər tərəfdən də desək ki, kütləvi şəkildə müqavilələri uzadaq, bu olmaz. Nəsil dəyişir. Burada söhbət yaşdan deyil, beyindən, yanaşmadan gedir.

Digər tərəfdən gənclərin işlə təmin olunmasından söhbət gedir. Onu necə edək? Hər il müəllimlik ixtisasına yiyələnmiş çox sayda gənclər var. Onların işlə təminatı məsələsi də önəmlidir”. 

Şura sədri deyib ki, maraqlı bir paradoks yaranıb:

“Müəllimlərin işə qəbulu ilə bağlı MİQ ona görə yaranıb ki, uzun müddət bu sahədə mexanizm, onların keyfiyyətə cavab verib-verməməsini yoxlamaq üçün qiymətləndirmə alətləri elə də güclü olmayıb. İndi qiymətləndirmə alətləri üzərində işlənib, hazırlanıb, mexanizmə əsaslanır. Nazirliyin də son zamanlar işlədiyi layihələr, proqramlar, yeniliklər var və bunu tənqid edən də, təqdir edən də olacaq.

Bu da təbiidir və əminəm ki, 10-15 il sonra bunun nəticəsini görəcəyik. Çünki obyektiv, mexanizmə, keyfiyyətə əsaslanan təhsildən söhbət gedir. Düzdür, Azərbaycanda olimpiadalarda individual uğurlar var. Ancaq bu, təhsilin uğuru deyil. Təhsil kifayət qədər savad tələb olunan sahədir. İllərlə, hələ də sovet təhsil sistemindən çıxmamış bir sistemdir. Birdən-birə bunu dəyişdirə bilmərik”. 

Həmsöhbətimizin fikrincə,  bütün sahələr üzrə ictimai dinləmələr keçirilməlidir: 

“Yaşla da bağlı təklif verilə bilər, ancaq buna sahəni idarə edən qurum qərar verməlidir”.