​“Exchange”lər açılacaq - yenilik nə vəd edir?

​“Exchange”lər açılacaq
10:14 07.06.2023
124 Toplum
A- A+
Əkrəm Həsənov: “Mərkəzi Bank bu fəaliyyəti genişləndirmək istəyirsə, elə bank olmayan təşkilatlara da icazə versin ki...”

Azərbaycanda yeni formada valyuta mübadiləsi məntəqələri formalaşdırılacaq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib. O qeyd edib ki, “Mərkəzi Bank haqqında” Qanuna dəyişiklikdə bu məsələ də nəzərdə tutulur.

“Valyuta mübadilə məntəqələrinin fəaliyyəti müstəsna fəaliyyət kimi nəzərdə tutulur. İnstitusional valyuta mübadilə məntəqələri biznesi kimi bu iş planlaşdırılır. Yəni kiçik yox, institusional valyuta mübadilə şöbələrinin yaradılması nəzərdə tutulur”, - deyə T.Kazımov qeyd edib.

Xatırladaq ki, ölkədə “Exchange”lərin fəaliyyəti 2016-cı ildən dayandırılıb. “Valyuta tənzimi haqqında” Qanuna edilən dəyişikliklərə görə, 2018-ci ildən Azərbaycanda valyuta mübadilə məntəqələrinin fəaliyyətinin lisenziyalaşdırılmasına başlanılıb. Bunun üçün müəyyən tələblərə əməl olunması ilə yanaşı, girov vəsait tələb olunur. Belə ki, valyuta mübadiləsi fəaliyyəti üçün lisenziya almaq istəyən şəxs müvəkkil bankda xüsusi hesaba müəyyən olunmuş məbləğdə girov vəsaiti yerləşdirməlidir. Lisenziya qüvvədə olduğu müddətdə həmin girov geri qaytarılmır.

Girovun məbləğinə gəlincə, bu rəqəm ölkənin müxtəlif bölgələri üçün fərqlənir. Bakı üzrə həmin məbləğ 50 min ABŞ dolları və 50 min manat, Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində 25 min manat və 25 min ABŞ dolları, digər şəhər və rayonlarda, habelə Naxçıvan Muxtar Respublikasında 10 min manat və 10 min ABŞ dolları təşkil edir.

Bəs yeni formada valyuta mübadilə məntəqələri dedikdə nələr nəzərdə tutulur? Bu sahədə hansı yeniliklər ola bilər?

Mövzu ilə bağlı bank üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a danışıb: “Konkret olaraq, hansı yeni formada valyuta mübadilə məntəqələri formalaşdırılacağı haqda dəqiq məlumat yoxdur. Məlum olduğu kimi, hazırda bank şöbələri, filialları valyuta mübadiləsi əməliyyatı ilə məşğul olur. Eyni zamanda bir neçə il əvvəl müəyyən etdilər ki, digər şəxslər də müəyyən tələblərə riayət etməklə, o cümlədən kapitalı olmaqla, Mərkəzi Bankdan lisenziya almaqla bu fəaliyyətlə məşğul ola bilər. Lakin hamımız görürük ki, bu fəaliyyətlə məşğul olmaq istəyənlərin sayı çox azdır. Bakıda bir neçə saydadır, regionlarda isə ümumiyyətlə yoxdur. Belə anlamaq olar ki, tələblər yumşaldılacaq, yəni bu cür ehtimal olunur.

Amma hər bir halda, fikrimcə, bu məsələ indi aktual deyil. Çünki xüsusən də əhali tərəfindən aparılan valyuta əməliyyatlarının həcmi kəskin şəkildə azalıb. Ona görə ki, dövlət  qeyri-rəsmi məhdudiyyətlər qoyub. Məsələn, şəxs il ərzində 20 min manatdan çox  valyuta dəyişə bilməz, dəyişsə də onu xeyli sorğuya tuturlar, nəticədə insanlar çəkinirlər. Heç bir dövlət orqanı da bunu boynuna almır ki, kim bu məhdudiyyəti qoyub. Məsuliyyəti yıxırlar bankların üzərinə.

Yəni bir sözlə, bu məsələ aktual deyil, bank sisteminin bundan da aktual olan məsələləri var. Digər tərəfdən, Azərbaycanda bank olmayan kredit təşkilatları var.  Milli Məclisin  İqtisadiyyat komitəsinin iclasında bank olmayan kredit təşkilatları haqqında da qanun təqdim  olunub. Yəni bank olmayan kredit təşkilatlarının da fəaliyyətlərini bir qədər genişləndirirlər. Belə ki, onlar da ödəniş hesabları aça biləcək və sairə. Lakin niyəsə onlara valyuta mübadiləsi əməliyyatlarına icazə verilmir. Bunun özü çox təəccüblüdür. Çünki Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının ən azı öz kapitalı 300 mindir, valyuta  mübadiləsi məntəqələrinin kapitalı isə 50 mindir. Yəni Mərkəzi Bank bu fəaliyyəti genişləndirmək istəyirsə, elə bank olmayan təşkilatlara da icazə  versin ki, valyuta mübadiləsi əməliyyatları aparılsın. Hesab edirəm ki, bu, ölkə üçün kifayət edər.

Bir daha qeyd edirəm, bu məsələ bu gün aktual deyil. Ola bilsin ki, Tahir Kazımova bu barədə sual verilib, o da cavablandırıb. Yox, əgər sadəcə çıxışında özü bildiribsə, məsələ başa düşüləsi deyil. Çünki bu dəqiqə onsuz da valyuta mübadiləsi məntəqələrinin olmamasından heç kəs narahat deyil, şikayət etmir. Onsuz da hər bank valyuta mübadiləsi əməliyyatını aparır".

Bu arada, valyuta mübadiləsi ilə məşğul olmaq istəyənlərlə bağlı tələblərin sərtləşdirildiyi məlum olub. Belə ki, Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Valyuta tənzimi haqqında” Qanuna təklif edilən dəyişikliyə əsasən, Mərkəzi Bank valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən aparılan valyuta mübadiləsi əməliyyatlarının yuxarı həddini müəyyən edəcək.

Valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək istəyən şəxs lisenziyanın alınması üçün maliyyə bazarlarına nəzarət orqanına ərizə ilə müraciət etməlidir. Layihəyə əsasən, bu orqan Mərkəzi Bank olacaq. Ərizəyə qeyri-rezident hüquqi şəxsin nizamnaməsinin, filialın yaradılması barədə səlahiyyətli idarəetmə orqanının qərarının, qeyri-rezident hüquqi şəxsin ən azı son üç maliyyə ili (hüquqi şəxs üç ildən az müddətdə yaradıldıqda isə son maliyyə illəri və ya ili) üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatının və auditor rəyinin qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış surəti də əlavə olunmalıdır.

Qüvvədə olan qanuna görə, ərizəyə təsisçinin (təsisçilərin) iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə məhkumluğunun olmaması haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış əlavə edilirdi. Artıq təsisçinin iqtisadi sahədə cinayətlərə görə məhkumluğunun olmaması şərti də olacaq. Başqa sözlə, ərizəyə təsisçinin (təsisçilərin) (hüquqi şəxs olduqda icra orqanının rəhbərinin) iqtisadi sahədə cinayətlərə görə məhkumluğunun olmaması haqqında məlumat və təsisçi (hüquqi şəxs olduqda icra orqanının rəhbəri) əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun iqtisadi sahədə cinayətlərə görə məhkumluğunun olmaması barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış əlavə olunmalıdır.