Varşava İqtisadiyyat və Humanitar Elmlər Universitetinin (University of Economics and Human Sciences in Warsaw) həm tələbəsi, həm də əməkdaşı olan 30 yaşlı Murad Qarayev ürəktutmadan dünyasını dəyişib.
Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərli açıqlamasında bildirib ki, Yardım Fondunun təşkilatçısı soydaşımızın təhsil aldığı və çalışdığı universitetdir:
"Polşada təhsil alan və təhsil aldığı müəssisədə əmək fəaliyyəti ilə məşğul olan həmyerlimiz Murad Qarayevin dünyasını dəyişməsi xəbəri oxuduğu və çalışdığı universitet tərəfindən paylaşılmışdı.
Biz də diaspor olaraq paylaşımı geniş auditoriyaya çatdırdıq. Təkcə Polşada deyil, Avropada fəaliyyət göstərən digər diaspor üzvlərimiz də bu paylaşımlara qoşuldular və geniş kütləyə yardımla bağlı müraciət çatdırıldı. Yardım Fondunun təşkilatçısı soydaşımızın təhsil aldığı və çalışdığı universitetdir.
Biz də Polşa Azərbaycanlıları Şurası olaraq bu məsələdə dəstək göstərdik. Təxminən 6-7 saat içində tələb olunan məbləğ toplandı. Cənazənin Azərbaycana gətirilməsi 23.000 PLN-ə (9 300 manat) başa gəlirdi. Qeyd edilən məbləğ toplandı. Tələbimizin ölüm səbəbinin ürəktutması olmasını da həmin universitet paylaşmışdı”.
Universitetin yaydığı məlumatda isə bildirilib ki, ailəsi Muradın dəfn mərasiminin vətənində olmasını istəyir:
"Hörmətli UEHS ictimaiyyəti, böyük hüzn və təəssüf hissi ilə bildiririk ki, 2 iyun 2023-cü il tarixində 30 yaşındakı tələbəmiz və əməkdaşımız Murad Qarayev dünyasını dəyişib. O, bizi qəfildən tərk etdi. Onun artıq aramızda olmadığını qəbul etmək hələ də bizə çətindir. Murad bir neçə ay bizim Universitetdə Tələbə Qəbulu departamentində işləyirdi.
Bütün işçilər onu günü şirinləşdirmək üçün həmkarlarına pancake gətirən gözəl, istiqanlı bir insan kimi xatırlayacaqlar. O, fədakar və sadiq işçi idi, lakin hər şeydən əvvəl yaxşı insan idi. Murad Azərbaycandan aztəminatlı ailədən çıxıb.
Onun qəfildən dünyasını dəyişməsi hamımız üçün, lakin hər şeydən əvvəl ailəsi - anası, bacısı və bununla üzləşməli olan dostları üçün dəhşətli hadisədir. Ailəsi Muradın dəfn mərasiminin vətənində olmasını istəyir". /Cebhe.info