​"Bu, sadəcə bəhsəbəhs yarışıdır, İslamda yoxdur” - İlahiyyatçıdan növbəti QALMAQALLI AÇIQLAMA

​
10:50 09.06.2023
136 Sosial
A- A+
Su sataraq, atasına başdaşı düzəltmək istəyən balaca Elvinin məlum əməlinin sosial şəbəkələrdə geniş yayılmasından sonra qəbirdaşıları mövzusu yenidən gündəmə gəlib.

Sosial şəbəkə istifadəçiləri arasında haçalanmış fikirlərdən də aydın görünür ki, insanlar bu məsələdə 2 yerə bölünüblər: bir çox kəsim ölən insanın başdaşının dəbdəbəli olması ilə bağlı fikirlər səsləndirsə də, digər bir kəsim buna əks mövqe nümayiş etdirərək söyləyir ki, İslamda belə bir qayda yoxdur.

Nəzərə alsaq ki, Azərbaycanda yas mərasimləri xüsusi təmtəraqla keçirilir, o zaman qəbirdaşıları məsələsində də insanların müxtəlif fikirlərdən çıxış etməsi normaldır. Reallıq isə budur ki, məzar yerinin alınması, qəbirdaşının sifarişi, 3, 7, 40 və ilin keçirilməsi günümüzdə fantastik məbləğlərə başa gəlir.

Bəs, görəsən, İslamda həqiqətən də qəbirdaşıları ilə bağlı bir qayda varmı? Niyə məhz Azərbaycandakı bir çox qəbiristanlıqlarda olan məzarlar mavzoleyi xatırladır?

İlahiyyatçı Elşad Miri söyləyib ki, dində belə bir əmr, yaxud tövsiyə mövcud deyil:

“İslamda həqiqətən də başdaşı və s. anlayışlar yoxdur. Bunlar hamısı sonradan ortaya çıxmış məsələlərdir. Bu gün bahalı başdaşılarının qoyulması insanlar arasındakı bəhsə-bəhs məsələdir. Bunlar hamısı sonradan ortaya çıxmış məsələlərdir. Sanki insanlar bununla elə bilir ki, ölü qarşısında hansısa borcunu yerinə yetirmiş olur. Bunun isə əslində, heç bir əsası və heç bir dini tərəfi yoxdur. Bu, sadəcə maddi sıxıntıdan başqa insanlara heç bir fayda vermir”.

“O ki qaldı bu “dəbə”, azərbaycanlıların hamısı dindar deyil ki? Azərbaycanlıların çoxu da belə bir məsələdə bəhsəbəhsə girirlər. Təkrar edirəm ki, bunun heç bir İslami və dini tərəfi yoxdur. Sadəcə həyatımızın bir çox yerində bu bəhsə girmək məsələsi özünü büruzə verir. Bu da bəzən insanlarda mövcud olan natamamlıq kompleksinin nəticəsidir ki, yekunda da belə olur”, – o, fikirlərini yekunlaşdırıb./ Yenisabah.az